Ən yaxşı əməl, ən yaxşı azuqə və ən üstün kəs


Digərləri 20 İyn 2019 08:31:00 248 0

Ən yaxşı əməl, ən yaxşı azuqə və ən üstün kəs

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək bir ayı - İlahi ziyafət ayı olan Ramazan ayını geridə qoyduq. Sözsüz ki, bu ayda çoxsaylı xətalarımız, səhvlərimiz, çatışmazlıqlarımız oldu. Hərə gücü çatan qədər, tutumu yetdiyi qədər, diqqət və təvəccö halında, qəflətdən ayılmış olduğu halda bu aydan öz bəhrəsini götürdü.

Amma, bu ayın ən böyük dərsi, ən böyük imkanı - təqvalı insan yetişdirmək, təqvalı hala gəlməmiz üçün imkanlar yaratmaq oldu.

Ramazan ayının yalnız bir əsas hədəfi var idi - bizlərə təqvalı olmağı öyrətmək. Təəssüflər olsun ki, nə məktəb, nə bağça, nə universitet, nə telekanallar, nə də başqa vasitələr bununla bağlı insanlara bilgi vermir

Biz dünyaya göz açırıq və ağlımız, şüurumuz inkişaf edən andan, seçimli varlıq olan andan, pisi yaxşıdan ayırd etdiyimiz andan bizim təqvalı insan olub-olmamaq seçimimiz var. Bizim təqvalı olub-olmamağımız özümüzdən, özümüzün içərisində olan ab-havadan və bu ab-havadan irəli gələn davranışlarımızdan asılıdır.

Təqva bizi iki nəticəyə çatdırar

Rəbbimiz Qurani-Kərimdə on yeddi dəfə "təqva" sözündən istifadə edib. İki yüz dəfəyə yaxın da bu sözlə yaxın köklərə malik sözlərdən istifadə olunub.

Təqva - insanın içərisində olan bir mənəvi hal, mənəvi immunitet, mənəvi ruh yüksəkliyi, mütəali ab-havadır ki, bir tərəfdən Allaha eşqdən, sevgidən, məhəbbətdən, bağlantıdan yoğrulub, digər tərəfdən İlahi xofun bərəkətindən ərsəyə gəlib.

Əgər bizim içərimizdə bu hal mövcud olsa, oyaq olsa, diri olsa - iki gözəl nəticə meydana çıxar. Bir tərəfdən bizlər Allahın razı olduğu, bəyəndiyi, əmr etdiyi itaətə tərəf hərəkət edərik. Bu ali əhval bizi zövqlə, böyük mənəvi ləzzətlə Allaha itaətə tərəf yönəldər.

İkinci tərəfdən bu mütəali ruhiyyə bizi bütün mənfiliklərdən, çatışmazlıqlardan, xətalardan uzaqlaşmağa yönəldər. İlahi təqvanın bu iki praktiki əhəmiyyəti var. Biz bir tərəfdən Allaha tərəf yönəlmiş olaraq, ikinci tərəfdən bütün Allahdan uzaq salan mövzulardan çəkinmiş olarıq.

Allah yalnız təqvalılardan qəbul edir

Qurani-Kərimdə müxtəlif yerlərdə, müxtəlif ayələrdə bizlərə bununla bağlı tövsiyələr var. Rəbbimiz "Maidə" surəsinin 27-ci ayəsində bizlərə təqva barədə çox ibrətli bir çatdırış edir. Ayədə buyurulur: "Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil)dedi: "Səni mütləq öldürəcəyəm". (Habil) dedi: "Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir".

İki peyğəmbər (ə) övladı - Həzrət Adəmin (ə) övladları - ikisi də Allahın dərgahına, hərə öz qabiliyyətinə, tutumuna, mənəvi əhval-ruhiyyəsinə görə iki şey təqdim edirlər. Biri qəbul olunur, biri qəbul olunmur. Rəbbimiz ayədə bu hekayəni bizə çatdırır. Bunu bizlərə xatırladandan sonra, Rəbbimiz kimdən qəbul etdiyini çatdırır. Bunların hər ikisi peyğəmbər (ə) övladıdır. Amma, qəbul etmə mövzusu fərqlənir. Deməli, peyğəmbər (ə) övladı olmaq insanın hələ heç bir məsələsini həll etmir.

İkinci məsələ budur ki, ikisi də nə isə təqdim edir. Yalnız təqdim etmə, yalnız nəyisə etmə də məsələni həll etmir. Nəyə görə təqdim edir, necə təqdim edir, nəyindən təqdim edir - mühüm olanı budur. Biri İlahi təqva ilə ən yaxşısını təqdim etdi, biri isə böyük çətinliklə ən pisini təqdim etdi. Ona görə də birindən qəbul olundu, o birindən qəbul olunmadı.

Qardaşı deyəndə ki, səni öldürəcəyəm, səni cəzalandıracağam, Habil ona deyir ki, məni deyil, özünü cəzalandır, çünki, Allah təqvalılardan qəbul edir. Sən əməli təqvasız etdiyin üçün səndən qəbul olunmadı.

Belə deyildi ki, birindən qəbul olunacaqdı, birindən yox. Əgər hər ikisi təqva ilə etsəydi, hər ikisindən qəbul olunardı. Ayədə eyni zamanda bu hekayəni haqq olaraq çatdırmağa çağırış edilir. Bu, ona işarədir ki, Tövratda bu mövzu təhrif olunub. Mövzunun mahiyyəti budur ki, iki peyğəmbər (ə) övladının biri təqva üzərindən Allaha ən yaxşısından təqdim edir, biri təqva ilə yox, elə-belə edir. Kim ki, təqva ilə əməl edir, Allah ondan qəbul edir.

Əməlin qəbul olması onu təqdim edənin kimliyi və nə təqdim etməsi ilə deyil

Ayədən çıxan təfsiri nöqtələrdən biri budur ki, bir əməlin qəbul olunub-olunmaması o əməlin nəyə görə, hansı səbəbə edilməsi ilə əlaqəlidir, niyyəti ilə, motivasiyası ilə bağlıdır. Əməlin qəbul olunmasının səbəbi budur ki, Allah təqva ilə edənlərdən qəbul edir. Əgər bir əməlin qayəsində, niyyətində təqvalılıq dayanırsa, Allah Təala o əməli bizlərdən qəbul edir.Xeyir işlər, infaq, sədəqə, namaz, oruc, yaxşılıq - bütün əməllər yalnız təqva ilə edilərkən qəbul olunur.

Əməlin qəbul olma səbəbi onları edənlərin şəxsiyyəti ilə, onların gördüyü işlə də əlaqədar deyil. Onların hər ikisi peyğəmbər (ə) övladı idi. Hər birinin də gördüyü iş fərqli olmasına görə də, qəbul olunub-olunmamasını bu, müəyyənləşdirmirdi. Əməlin qəbul olması şəxsin məşğul olduğu işlə, onun nə təqdim etməsi ilə birbaşa bağlı deyil - söhbət, əlbəttə ki, halal işlərdən gedir. Yalnız təqva ilə təqdim etmək əməlin qəbul olunmasına səbəb olur.

Bu ayədən başa düşülür ki, Allah Təalanın dərgahında insanlar arasında ayrı-seçkilik yoxdur. Bu iki şəxsə qarşı öncədən formalaşmış baxış, müəyyənləşdirilmiş yanaşma olmayıb. Faktiki davranışa görə insanlarla davranılır və yalnız təqvalılardan qəbul edilir.

Ən yaxşı azuqə - təqvadır