İçməli su nə zaman fasiləsiz veriləcək? VİDEO FOTO


Digərləri 19 İyn 2019 16:02:00 216 0

İçməli su nə zaman fasiləsiz veriləcək?  VİDEO  FOTO

Bəzi yerlərdə içməli su hələ də fasilələrlə verilir. Bəs bu problem nə zaman tam həll olunacaq? Problem daha çox şəhərətrafı kənd və qəsəbələrdə yaşanır. Havalar isinən kimi küçələrdə əlində vedrə su daşıyan insanlara çox rast gələ bilərsiniz. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Sakin: "Su olmayanda o qədər problemlər yaradır. Su olmasa, neyləmək olar? Heç nə". Sakin: "Bir gün gəlir, bir gün gəlmir. O da zəif gəlir. Əlbəttə, camaata çətindir". Suyun fasilələrlə verildiyi ərazilərdə hər bir ev sahibinin, mütləq ki, su çəni olmalıdır ki, ehtiyat su saxlasın. Əks halda yayın qızmar günlərində susuz qalmaq çox çətindir. Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, hazırda əhalinin fasiləsiz su təchizatı ilə bağlı işlər davam etdirilir. Əgər 2004-cü ildə Bakı şəhərində əhalinin təxminən 29 faizi 24 saat fasiləsiz su ilə təmin olunurdusa, hazırda bu rəqəm 81.5 faizdir. Anar Cəbrayıllı - "Azərsu" ASC-nin Mətbuat Katibi: "Amma bizim işlər davam edir. Yenə də elə ərazilər var ki, orada işlər görürük. Mərhələ ilə bu insanların fasiləsiz su təminatına nail oluruq. Məsələn, elə bu yaz Qaraçuxurun bir hissəsinin 24 saat su təchizatına keçidini təmin etdik. Sonra Şağanda yeni şəbəkə qurduq". "Azərsu" rəsmisi deyir ki, müəyyən ərazilərin 24 saat su təminatında bəzi problemlər var. Anar Cəbrayıllı - "Azərsu" ASC-nin Mətbuat Katibi: "Burada 2 məsələ var. Elə yer var ki, orda bizim əlavə su ehtiyatlarımız yoxdur deyə insanları 24 saat suya keçirə bilmirik. Bu, əsasən, şəhərin şərq hissəsini əhatə edir. Amma elə yerlər var ki, orda su ehtiyatlarımız var, sadəcə, texniki imkanlar mövcud deyil deyə ora 24 saat su verə bilmirik Bu gün ölkə üzrə əhalinin 69.9 faizi 24 saat su ilə təmin olunur.

Ölkə başçısının tapşırığına əsasən, yaxın illərdə hər bir Azərbaycan vətəndaşının 24 saat keyfiyyətli içməli su ilə təminatı məsələsi öz həllini tapacaq.

Millli.Az


Xəbərə aid foto