Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırıldı


Digərləri 19 İyn 2019 12:33:00 221 0

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırıldı

Prezident İlham Əliyevin sosial islahatlar paketi ölkədə əməkhaqqı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasında geniş əhali kateqorioyalarını əhatə edən yeni addımların atılması ilə nəticələnir.

Bakı. Prezident İlham Əliyevin sosial islahatlar paketi ölkədə əməkhaqqı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasında geniş əhali kateqorioyalarını əhatə edən yeni addımların atılması ilə nəticələnir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə məlumat verilib. Məlumatda bildirilir ki, dövlət başçısının 18 iyun 2019-cu il tarixli “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da bu sahədə növbəti mühüm addım olmaqla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Sənəddə həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.