Maaşlar 40 faiz artırıldı:


Digərləri 19 İyn 2019 10:36:00 224 0

Maaşlar 40 faiz artırıldı:

Postsovet məkanındakı ölkələrin tarixində hələ belə sosial qərar olmamışdı.

Minimum əməkhaqqı adətən 5, 10 və ya 15 faiz artırılır. Rusiyada, Ukraynada, Gürcüstanda, Belarusda və ya Qazaxıstanda belə qərar "misilsiz irəliləyiş", "sosial inqilab" kimi təqdim olunur.

Azərbaycanda minimum əməkhaqqının məbləği 40 faiz artırıldı.

Əsl sosial inqilab da - heç mübaliğəsiz - elə budur.

Azərbaycanda hakimiyyət vətəndaşının yanında olduğunu sürəkli sübut edir.

Xatirinizdəmi, Bakının "8-ci kilometr" səmtində, Nizami rayonunda "Diqlas" ticarət mərkəzi alovlanmış, yanmışdı. Yanğın söndürüldü. Şükür ki, tələfat olmadı.

Yanğında təxminən 1000 kiçik sahibkarın icarəyə götürdükləri məkanda bütün malları yandı. Əslində, yanan mal yox, o insanların canı idi.

Əksəriyyəti satışa çıxarmağa hazırlaşdıqları malları banklardan aldıqları kreditlər, borc götürdükləri pullarla almışdılar.

Halları pərişan, fikirləri qarışıq, özləri nagüman və bədbindilər.

Lakin dövlət başçısı İlham Əliyevin sahibkarlara sözü çatdırıldı: "Hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir".

"Dövlət Baba" övladını tək qoymadı.

Dövlət, sadəcə, sahibkarlara dəstək verməklə, ziyanın ödənilməsinə çalışa bilərdi. Ancaq Prezident tamamilə fərqli yol seçdi və uzun süründürməçilikdən sahibkarları qurtardı.

Prezident İlham Əliyevin qərarının məntiqi əsasları da var. Belə ki, sahibkarların onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı iddialarını məhkəmələrdə təmin etmələri xeyli vaxt, əmək və əsəb aparacaq, hətta ən pis halda mülki iddialara baxış formatında illər uzunu sürəcəkdi, iddialar və appelyasiyalar bir-birini əvəzləyəcəkdi, tələblər sıralanacaqdı.

Dövlət başçısı bəhs etdiyimiz məqamları, habelə külli miqdarda maddi ziyana məruz qalmış sahibkarlara dərhal yardım edərək onları üzləşdikləri müşküldən xilas etmək üçün humanist qərar verdi.

O qərar ki, Azərbaycanda sahibkarlara dövlət dəstəyinin ciddiliyini, onların fəaliyyətinin səbatını bir daha sübut etdi.

Dövlət yardım etməyə məcbur və məsul deyildi, amma sahibkarlara dəstək yükünü üzərinə götürdü.

Dövlət bütün vətəndaşlarının yanındadır.

Və daha sonra...

Qazın güzəştli tariflərlə istehlak limiti artırıldı. Qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırıldı. 1,5 milyon abonent (6 milyon vətəndaş) təbii qazla bağlı güzəştli tarifdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2 milyondan çox vətəndaş) güzəştlərdən istifadə edir.

Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, Tarif Şurasının yeni qərarından sonra bu hədd 85 faizə yüksəlib.

Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur.

... Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibi artırılır.

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 17 sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

İlham Əliyevin bu ilin fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdi.

Bununla minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılmışdı. Ona qədər minimum aylıq əməkhaqqı 130 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin əvvəlində yaydığı məlumatda bildirilirdi ki, minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edir.

Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.