Məhbus yoldaşını zorlanmadan xilas edən


Digərləri 18 İyn 2019 22:02:00 215 0

Məhbus yoldaşını zorlanmadan xilas edən

Son.az kulis.az-a istinadən Mirmehdi Ağaoğlunun Azərbaycan rəssamı Cavad Mircavadov haqqında yazısını təqdim edir.

Cavad Mircavadov 15 yaşı olanda "Azərbaycan" kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, "Azərbaycan" kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır.

Lakin o məşum, amansız 1938-ci il idi. Ağına-bozuna baxmadan adamları tutur, bəxti üzünə gülənləri (bəxtə bax!) sürgünə göndərir, Müşfiq kimi bəxtsizləri də güllələyirdilər. Adamlar heç dəqiq bilmirdilər nəyə görə həbs edildilər, nəyə görə haqlarında ölüm hökmü çıxarıldı. Xırda bir məsələ səni "edam kötüyü"nə apara bilərdi.

15 yaşlı Cavadın da başına indiki dövrdən baxanda tragi-komik görünən bir hadisə gəlir. "Azərbaycan"da işləyəndən bir il sonra həbs edilir və altı ay azadlıqdan məhrum edilir. Səbəb: işə gecikmə.

Yeniyetməni gör, nə üstündə həbs edirlər!

Bayıl həbsxanasıbna salınan Cavadın başını qırxıb, məhkum paltarı geyindirəndən sonra göndərirlər yelpik düzəldilən sexə. Cavadın işi yelpikləri rəngləmək olur.

Yelpik sexinin yerləşdiyi barakın ortasına qoyulmuş nəhəng stol ətrafında əsasən, oğurluq və fahişəlik üstündə həbs olunmuş qadınlar, bir də siyasi məhbusların həyat yoldaşları çalışırdılar. Sexdə qadınlardan savayı mavi gözlü bir qoca, bir də balacoy və olduqca yaraşqlı bir oğlan işləyirdi.

Cavad üçün bu, göydəndüşmə olur. Həbs olunsa da, rənglərdən ayrı qalmamışdı, burda yelpikləri boyayacaq, onları müxtəlif peyzajlar və gül-çiçəklərlə bəzəyəcəkdi.

Cavadın bacarğını görən həbsxana yoldaşları - qadınlar - tezliklə ona bir topa kağız tapıb gətirirlər ki, portretlərini çəksin. Bir müddət sonra Cavadın namı Bayıl həbsxanasına yayılır.

Türmənin lotusu Cavadın dalınca adam göndərir ki, onlara döymə vursun. Əvəzində isə Cavada pul, yemək, qadın, tapança, nəşə, hətta ayda bir dəfə bayıra çıxmaq təklif olunur. Ancaq gənc rəssam bunların hamısından imtina edir və lotudan yalnız onu istəyir ki, qoca məhbusun çörəyi əlindən alınmasın. Bir də onunla birlikdə işləyən yaraşıqlı oğlana toxunmasınlar. Arabir incə səsə mahnılar oxuyan bu oğlanda qız yaraşığı olduğuna görə daim qorxu altında yaşayırmış ki, birdən məhbuslardan kimsə onu zorlayar.

Həbsxanalarda belə şeylər adi haldır.

Cavadın istəyini lotuya çatdıran elçi bir qədər sonra şad xəbərlə qayıdır. Onun istəkləri yerinə yetiriləcəkdi.

Məhbuslar həbsxana kitabxanasından Kramskinin, Rubensin, Velaskesin, Bryulovun, Delakruanın repreduksiyaları olan nə qədər jurnal, kitab varsa hamısını daşıyıb gətirir, onların arasından istədikləri rəsmi seçirlər. Cavadı təəccübləndirən o olur ki, çoxu oğurluq, quldurluq, qətl üstündə yatan, amansızlıqları ilə ad çıxarmış bu qəddar insanlar məhz Delakruanın romantik rəsmlərinə üstünlük verirlər.

Oğruların, qatillərin, banditlərin dərilərinə dünya rəssamlığının inciləri köçülürdüyü dövrdə Bayıl həbsxanasına da qəribə sakitlik çökür, əvvəlki hərc-mərclik, dava-dalaş səngiyir. Məhbuslar öz aralarında döymələrini müzakirə edir, Cavad haqqında fəxrlə danışırlar ki, Sovet İttifaqının müxtəlif həbsxanalarında yatıblar, amma onun kimi döyməçi görməyiblər.