Seks təklifini rədd etdiyi üçün işdən qovulan qadınlar –


Digərləri 18 İyn 2019 21:57:00 368 0

Seks təklifini rədd etdiyi üçün işdən qovulan qadınlar –

Son.az kulis.az-a istinadən Günel Natiqin "Necə təyin etmək olar ki, bu zarafatdır, yoxsa seksual harassment?" adlı yazısını təqdim edir.

"Harassment" sözü Amerikada çox populyardı. Təxminnən seksizmlə eyni anlamı daşıyır. Bura atmacalar, təqib etmələr, ədəbsiz eyham və təhdidlər də daxildir. "Harassment" terminindən artıq bütün dünya istifadə edir.

"O mənim əlimə və çiynimə toxunur, tez-tez mənə tərəf əyilirdi"

Kompliment adı altında edilən ədəbsiz təriflər də "harassment" hesab edilir. Bəzən kişilər əllərini yelləyib "deyəsən belə getsə kompliment də edə bilməyəcəyik", - deyirlər. Amma kompliment altında çox şey nəzərdə tutula bilər. Hətta kişi sətiraltı anlamda qadına seks təklifində də buluna bilər.

Bu, formal olaraq kompliment sayıla bilər, amma qadını pis vəziyyətə salar, ona utanc hissi aşılayar, qadın mənəvi travma alar və s.

Mütləq bir-iki nəfər çıxıb deyəcək ki, heç dəxli var! Güllə yarası almamısan ki! Komplimentdən xoşun gəlmirsə, özünü elə göstər, guya eşitmədin. Və ya heç nə olmamış kimi davran.

Amma fikir verməmək və ya heç nə olmamış kimi davranmaq mümkün deyil. Araşdırmalar göstərir ki, işdə harassment qadınlara katastrofik təsir göstərir, iş göstəriciləri aşağı düşür, özlərinə güvəni azalır, panikaya qapılırlar və s. Əksər qadınlar bu səbəbdən işləriylə vidalaşmalı olurlar, təhsili atırlar və s.

Bir sözlə, harassmentin fəsadları dağıdıcı ola bilər.

Harassment yalnız seksual xarakter daşımır. Məsələn, tutaq ki, bir adam digərini yaşına, milli mənsubiyyətinə, dərisinin rənginə, dini inancına, seksual oriyentasiyasına görə lağa qoyur. Tutaq ki, iş yerində kimsə sizin dini baxışlarınıza xor baxır. Və ya sizdən dini inancınıza zidd olan bir tədbirdə iştirak etməyinizi tələb edirlər. Bu da harassmentdir.

Qəhrəmanımızın adı Esmiradır. Sürücülük kurslarına gedir. Əvvəllər dərslərə çox həvəs göstərirmiş. Dərslərdən soyumağının səbəbi isə instruktorun ona qarşı yol verdiyi sözləri, hərəkətləri olub.

"Kurs zamanı o guya təsadüfən mənim çiynimə və dizimə toxunur, idarəetməyi öyrədirmiş kimi mənə tərəf əyilirdi. Özümü küncə sıxılmış hiss edirdim", - Esmira deyir.

Esmiranın narazılığını görən instruktor aşağılayıcı tona keçir. Onun maşın sürmək üçün kifayət qədər qabiliyyəti olmadığını, ona görə mənimsəyə bilməyəcəyini, ancaq onunla yaxın münasibətlərdə olarsa idarə etməni öyrədə biləcəyini deyir.

Bu sözlərdən sonra Esmira özünə güvəni tamamilə itirir və imtahan vaxtı ciddi yanlışlığa yol verir. "Mən az qala qəza törədəcəkdim", - qız xatırlayır.

Bu qəzadan sonra qəhrəmanımız çətin ki özünü toparlasın.

Əgər qadın parkda təkbaşına oturubsa, demək kişilərə "mən təkəm" mesajını göndərir

Küçə harassmenti - seksizmin bu növü kimə tanış olmasa da azərbaycanlılara yaxşı tanışdır. Tutaq ki, küçəylə gedirsən və birdən yaxınlıqdan səs gəlir: "Əcəb ceyrandır! Lap maraldı e!"

Ya da hansısa mahnıdan bir ağız zümzümə edirlər. Əlqərəz, bir şey uydurub demək problem deyil. Yetər ki, söz mənzilbaşına çatsın.

Hərçənd bir amerikalı xanım müğənni məşhur mahnıda "qadın olmaq nə üçün yaxşıdır", fikrinə arqument gətirib deyir ki, əgər oğlanlar fit çalırlarsa, deməli sənin ardınca fit çalırlar.

Amma küçə harassmentində yaxşı heç nə yoxdur. Düzdür, bəzən bu atmacalar gülüş doğurur, amma bu məsum atmacaların arxasında zorakılıq hallarına gətirib çıxaran təhlükəli niyyətlər də ola bilər.

Ya da tutaq ki, siz parkda əyləşib kitab oxuyursuz, bir nəfər isə yaxınlaşıb nə oxuduğunuzu soruşur. Bir sözlə, hüzurunuzu, dincliyinizi pozur. Kişilər belə düşünür ki, qadın onun mülkiyyətidir və əgər parkda təkbaşına oturubsa, demək kişilərə "mən təkəm" mesajını göndərir.

Bu səbəbdən bir qadın dənizkənarında təkbaşına gəzib-dolaşa bilməz, təkliyin və dənizin kefini çıxara bilməz. Nəinki kişilər, hətta qadınlar da "görəsən niyyəti nədir" deyə yozub-yozmalayacaqlar. Maraqlıdır ki, kişiylə gəzintiyə çıxan qadın da eyni düşüncə təhlükəsi altındadır.

Bir sovet filmində belə bir məzəli şüar var: "Qadın insanın ən yaxın dostudur". Bəzən bu ifadənin komiklikdən uzaq gerçəyi haqqında düşünməli olursan.