Ermənilər və xəyanətkarlardan Taleh Bağırzadəyə “dəstək”


Siyasət 18 İyn 2019 13:55:32 279 0

Ermənilər və xəyanətkarlardan Taleh Bağırzadəyə “dəstək”

Azərbaycanın bir dövlət, bizimsə millət kimi məhv olmağımızı istəyən dövlət var. Onun adı Ermənistandır.  Ermənistan bizə düşmən kəsilib və hər gün, hər saat məhvimizi qəsd edən planları reallaşdırmağa çalışır. Həmin planlar arasında xüsusi yeri Azərbaycanda yaşayan ləzgilər, tatlar, talışlar arasında separatizm meylləri yaratmaq, ölkəmizdə qardaş qırğını törətmək, sonra da dövləti məhvə sürükləməkdir.

Sıravi ermənilər arasında, heç şübhəsiz, normal, məntiqli, adekvat insanlar mövcuddur ki, onlar ölkə siyasətçilərinin, məmurların, keşişlərin, diaspor mənsublarının mağara hovinizmi, zooloji millətçiliyi, səngimək bilməyən maniakal hisslərinin yolverilməz olduğunu düşünürlər. Onlar dərk edirlər ki, Azərbaycan ərazilərinin 20 faizinin işğalı çox çəkməyəcək və işğal Ermənistanın məğlubiyyəti ilə bitəcək. Ermənistan hərbçilərinin Azərbaycan ərazilərindən çıxması İrəvanın çox ağır nəticələrlə qarşılaşması, fiaskosu olacaq.

Amma nə yazıq ki, belə ermənilər Ermənistanın nə daxili, nə də xarici siyasətini müəyyənləşdirmirlər.

Gerçəklik odur ki, rəsmi İrəvanın siyasətinin preambulasında bizə düşmənçilik, məğzində isə nifrət durur.

Məhz bu səbəbdən ermənilər "talış kartı"ndan istifadə edirlər. Ermənistan Azərbaycanın bütün vətəndaşları kimi, talışlara da nifrət edir. Lakin hələlik çoxsaylı maskalarından birindən yararlanır, özünü "Azərbaycanda yaşayan talışların üzləşdikləri problemlərin həllini arayan dövlət" kimi göstərməyə çalışır.

Bu isə cəlladın şəfqətdən, əclafın vicdandan, əxlaqsızın irzdən, şərəfsizin ləyaqətdən danışmağı kimi absurddur.

Ermənistan illərdir ki, Azərbaycanda milli azlıqların separatizm alovuna qarsanmasını istəyir, talışları özünə "müttəfiq", yəni, əslində, çirkin planlarına alət etməyi arzulayır.

Alınmır. Çünki Azərbaycandakı talışlar üçün bu torpaqlar uludan ulu babalardan qalan əzəli yurd yeri, uğrunda qanlarını və canlarını əsirgəmədikləri vətən, başlanğıc və sondur.

İrəvan bütün cəhdlərinə və səylərinə rəğmən, Dağlıq Qarabağ münaqişəsindəki döyüşlərdə minlərlə şəhid verən, daşnaklara və Ermənistan hərbçilərinə qarşı şir kimi vuruşan talışları toruna sala bilmir.

Nədən?!

Çünki Azərbaycandakı talışlar üçün Lənkəran nə qədər əzizdirsə, Zaqatala bir o qədər doğmadır: Astara və Masallı nə qədər yücədirsə, İmişli və Gədəbəy bir o qədər simsardır.

Onlar bu vətənin insanları, övladları, vətəndaşlarıdır.

Vətənin daşını vətənə daşlar yağdıranlara keçməyəcək qədər vətənpərvər.

Ermənistan rəhbərliyi, xüsusi xidmət orqanları bunu bildiklərindən xainlərdən, dönəklərdən, mənəviyyatsız və dəyərsiz insanlardan yararlanaraq onları "talış siyasətçilər, talış alimlər" kimi təqdim edir.

Ki, bəlkə bu yaramazlar vasitəsilə nə isə alınsın.

Çətin...

Taleh Bağırzadə "Ermənistanın dostu" sayıldı

"Taleh Bağırzadə Ermənistanda cəsarətli, igid, iradəli və qətiyyətli insan kimi tanınır, belə qəbul olunur. O, Bakıdakı rejimə qarşı mübarizə aparan əsl qəhrəmandır. Biz ermənilər onu sevirik".

Bu sözlər Ermənistanın paytaxtı İrəvanda səslənib. Müxtəlif formalarda, sürəkdə - amma qayət eyni idi.

"Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Bağırzadəni "qəhrəman mübariz, böyük siyasətçi" sayan ermənilər daha sonra xüsusi vurğulayıblar: "O, azərbaycanlı deyil və ola da bilməzdi. Taleh Bağırzadənin atası lahıclı, anası talış olduğu üçün rəsmi Bakı "Nardaran hadisələri"ni yaratdı, Bağırzadəyə və tərəfdarlarına divan tutdu".

Daha sonra isə Taleh Bağırzadənin müavini və "sağ əli", dini ekstremizm fəaliyyətinə görə həbs olunmuş Zülfüqar Mikayılzadədən də bəhs olunub. O da "Ermənistanın və erməni xalqının dostu, qardaşı" kimi dəyərləndirilib.

Bütün bunlar İrəvanda keçirilmiş və iki gün davam etmiş "3-cü beynəlxalq talışşünaslıq konfransı"nda söylənib.

Rəsmi olaraq konfransın təşkilatçısı İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrası və bu kafedranın rəhbəri Vardan Voskanyandır. Əslində isə gerçək təşkilatçı Ermənistan baş naziri Nikol Paşinyanın administrasiyası idi. Konfransın maliyyələşdirilməsi, "qonaq"ların yerləşdirilməsi, mühafizə və s. ilə bağlı bütün problemləri isə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) həll etmişdi.

Vardan Voskanyanın da illərdən bəri bəhs etdiyimiz təşkilata və əslində, həmin təşkilatda çalışdığını nəzərə alsaq, "konfransı"ın arxasında kimlərin, nə üçün durduqları bəlli olur.

Ermənistan mediasında "Ermənistan, İran, Rusiya, Azərbaycan, Britaniya, Fransa və ABŞ-dan olan alimlərin iştirak etdikləri mötəbər elmi toplantı" kimi qələmə verilmiş bu "konfrans"da əsas müzakirə mövzuları belə idi: "Azərbaycanda talışların vəziyyəti", "Ermənistanın proseslərdə rolu və yeri", "Azərbaycanda dindarlara münasibət".

Hər üç mövzuda çıxış edənlərin başlıca hədəfi Azərbaycandı.

"Talışşünaslar" kimi təqdim olunan şəxslərin istisnasız olaraq hamısı Azərbaycanın parçalanmasını, məhvini arzuladıqlarını gizlətməyiblər, "Azad Talışıstan"ın yaranacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.

"Konfrans"ın ilk günü, ilk iclası Hollandiyada "siyasi mühacir" həyatı yaşayan, əslindəsə mənliyini və özünü çoxdan satışa çıxarmış Ələkrəm Hümbətovla "Rusiyadakı Talış Diasporu" adlı fantom strukturun rəhbəri, Rusiya Xalqlar Assambleyasının üzvü İsmayıl Şabanovun müraciətləri oxunub.

71 yaşlı Hümbətovla siyasi möhtəkir İ.Şabanov "nüfuzlu və önəmli" tədbirə qatıla bilmədiklərinə görə üzr istəyərək iştirakçıldara uğurlar arzulayıblar.

Sonra "konfrans"ın de-yure təşkilatçısı, İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan çıxış edib.

Onun sözlərinə görə, bütün dünya talışlarının yeganə ümid yeri, sən demə, Ermənistanmış: "Sadəcə, onu deyim ki, Ermənistandan savayı dünyanın heç bir ölkəsində talış mədəniyyəti və tarixi xüsusi şəkildə, əlahiddə olaraq araşdırılmır, tədqiq edilmir".

Azərbaycanın cənub bölgələrini "Şimali Talışıstan" adlandıran V.Voskanyan daha sonra bildirib ki, "Müsəlman Birliyi" hərəkatı, əslində, "Azərbaycanda mövcud hakimiyyətə qarşı üsyan, qiyam və inqilab cəhdi" idi.

"Taleh Bağırzadənin qətiyyəti, iradəsi və dönməzliyi Ermənistanda təqdirlə qarşılanır. Onun azad edilməsi üçün beynəlxalq kampaniyalar keçirilərsə, məmnuniyyətlə, dəstəkləyəcəyik. Çünki "Müsəlman Birliyi" təşkilatı, Nardarandakı hadisələr bütün Azərbaycana yayılmalı, Bakıdakı hakimiyyət devrilməlidir", - V.Voskanyan deyib.

İranın Ermənistandakı səfirliyinin mədəniyyət attaşesinin də qatıldığı "konfrans"da daha sonra İrəvanda yaşayan, "Zabil Mədoj" kimi tanınan Zabil Məhərrəmov çıxış edib.

Çıxışı bütünlüklə Azərbaycana və bütün azərbaycanlılara nifrət üzərində köklənmiş Z.Məhərrəmov deyib: "Azərbaycandakı milli və etrik azlıqlar artıq yuxudan ayılmalı, ayağa qalxmalı, üsyana başlamalıdır. Bakıdakı hakimiyyət mütləq devrilməlidir".

İrəvanda fəaliyyət göstərən "Azad Talış Televiziyası" adlı YouTube kanalının banisi və rəhbəri, Ermənistanın xüsusi xidmət orqanlarının marionetkası olan Z.Məhərrəmov sonradan sözü "Talış Geosiyasi Tədqiqatlar Mərkəzi"nin eksperti, "Talış Xalqının Hüquqlarının Müdafiə Komitəsi"nin sədri Zahirəddin İbrahimiyə verib.

İbrahiminin "Azərbaycan Cənubi Qafqaz bölgəsindəki stabillik və təhlükəsizliyə təhdiddir" adlı çıxışında rəsmi Bakını "qatillər və cəlladlar dəstəsi" adlandırıb.

"Azərbaycan hakimiyyəti iki dost xalq olan ermənilərlə talışlar arasında nifaq salmağa çalışır. Lakin buna imkan verməyəcəyik", - Z.İbrahimi söyləyib.

İranlı ekspert, beynəlxalq münasibətlər və hüquq üzrə "analitik" Ramin Səfərniya, Britaniyada yaşayan iranlı tarixçi Məcid Kərimi də eyni məzmunda çıxış ediblər.

V.Voskanyanın tələbələrindən biri, hazırda bu "iranşünas və talışünas"ın İrəvandakı mərkəzində "ekspert" kimi çalışan Siranuş Vardanyan isə çıxışını "Müsəlman Birliyi"nin həbsdə olan rəhbəri Taleh Bağırzadəyə həsr edib.

Onun dediyinə görə, Ermənistanın maraqlarına və mənafeyinə tam cavab verən proseslərdən biri də "Müsəlman Birliyi"nin dəstəklənməsidir.

Fransada yaşayan iranlı "ekspert" Ali Rafii də belə hesab edib və vurğulayıb: "Talışlar arasında Ermənistanla dostluq, əməkdaşlıq edəcək adamlar seçilməlidir. İran amili də mütləq nəzərə alınmalıdır".

"Əsas mübarizədir, sonrası yaxşı olacaq"

Erməni, fars, rus və ingilis dillərində çıxışların edildiyi "konfrans"ın ikinci günü Azərbaycanla "mübarizənin yolları, vasitələri, strategiyası və taktikası"na həsr olunmuşdu.

Vardan Voskanyan çıxışında Ermənistanın gerçək niyyətlərini aşkarlayıb, konkret hədəflər göstərib: "Bütün vasitələrdən, imkanlardan, rıçaqlardan və insanlarımızdan istifadə edərək Azərbaycana qarşı bütün cəbhə boyu, bütün müstəvilərdə, hər sahədə müybarizə aparmalıyıq. Əsas mübarizədir, sonrası yaxşı olacaq".

"Talşın xalqının problemləri"nə həsr olunmuş konfrans, əslində, Ermənistanın maraqları üçün talışlardan necə və hansı yollarla istifadə etməyin mümkünlüyünün arandığı, müzakirə edildiyi toplantı idi.

Müzakirələrdə iranlı "qonaq"larda fəal iştirak ediblər.

"Konfrans"ın sonunda isə iştirakçılara konsert verilib.

... Əslində, bu "konfrans"ın özü Ermənistanın xüsusi xidmət orqanlarının hazırladıqları və böyük ümidlər bəslədikləri, lakin yarıtmaz və yaramaz iştirakçılarının primitivliyindən alınmayan konsert də sayıla bilər.

Ermənistan rəhbərliyi uğursuzluğu anlayır və bu səbəbdən yeni "konfrans"lara əl atacağı şübhəsizdir.

Düşmən başqa nə edə bilər ki...

Elçin Alıoğlu Son.az