Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü


Digərləri 18 İyn 2019 12:12:49 313 0

Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü

Moskvada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində kitab nəşr olunub.

Bakı. Moskvada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində “И стал Путем Истины я сам” (Və mən özüm həqiqət yolu oldum) adlı kitab nəşr olunub. Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поэзия вечной истины” (Əbədi həqiqət poeziyası) adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib. Məqalədə deyilir: “Böyük Azərbaycan şairi, filosof-mistik, bütün dövrlərin ən məşhur yeddi sufisindən biri. Hələ sağlığında Nəsiminin qəzəl və rübailəri bir çox dillərə tərcümə olunaraq Orta Asiya ərazisində, Türkiyədə və İranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edən şair sonradan ustadı – asket və mistik Fəzlullah Nəimi tərəfindən əsası qoyulmuş hürufizmə qoşulur. Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda, onu Azərbaycan fəlsəfi şeirinin banisi də hesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütün yaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.