CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili


Digərləri 18 İyn 2019 12:08:30 173 0

CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) aylıq işgüzar görüşü keçirilib.

Bakı. Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) 14 iyun 2019-cu ildə JW Marriott Abşeron oteldə qonaq məruzəçi və üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə aylıq işgüzar görüşü keçirilib. Tədbirdə işçilərin peşəkarlıq səviyyəsi, bilik və bacarıqlarının artırılmasında peşə və təlim mərkəzlərinin əhəmiyyəti, bununla bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. Fəxri qonaqlar - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov; Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Professional Təhsil və Peşə Təhsili sisteminin yeni istiqamətləri, qarşıya çıxan çətinliklər, həll yolları barədə məlumat verdi. Bundan əlavə, xüsusi məruzəçilər - ADA Universitetinin İxtisasartırma proqramı üzrə prorektor müavini Aygün Hacıyeva; UFAZ baş katibi Şarlott Payen; Universitetlərə Hazırlıq Mərkəzinin həmsədri Reyhan Hüseynova tələbləri dəyişən əmək bazarı üçün professional işçilərin hazırlanması məqsədilə bir sıra sahələrdə tətbiq olunan müvafiq tədbirlər və layihələr barədə məlumatlar verdilər. Tədbir Pərviz Yusifovun çıxışı ilə başladı. O, Azərbaycan peşə təhsili sistemi, bu sahənin inkişafı üçün Agentliyin gördüyü işlər haqqında, eyni zamanda sistemin inkişafı üçün hazırlanan strateji yol xəritəsi, müasir peşə təhsili mərkəzləri və 10 pilot müəssisə haqqında danışdı. P.Yusifov inkişaf üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı, birgə proqramlar, eləcə də bu istiqamətdə görüləcək işlər, gələcək perspektivlər barədə qonaqlara məlumat verdi. Görüş qonaq-məruzəçi Rəşad Xanlarovun çıxışı ilə davam etdi. O, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verdi; Mərkəzin məqsədinin Azərbaycana yüksək səviyyədə tədrisi olan peşə təhsilini gətirmək, eləcə də Azərbaycanın istedadlı insanlarını qlobal sənaye ehtiyaclarına cavab verən ixtisaslı kadr kimi yetişdirmək olduğunu vurğuladı. Bundan əlavə, iştirakçılara təklif olunan ixtisaslaşma sahələri, həmin sahələrə uyğun təhsil modeli və hazırlanan dərsliklər, tədris proqramlarının təkmilləşdirilməsinə, layihəyə əsaslanan öyrənmə mühitinin formalaşdırılmasına dair Mərkəzin apardığı tədqiqatlar barədə məlumat verildi.