Modern elmin doğuluşu və düşüncə azadlığı


Digərləri 17 İyn 2019 23:20:00 240 0

Modern elmin doğuluşu və düşüncə azadlığı

On yeddinci əsrdə elmin yüksəlişinin təməlində yatan düşüncələr Roma İmperatorluğunun çöküşündən sonra Bizansda və Ərəb dünyasında təzahür etməyə başladı. Barbarlıq dominant olduğu zamanlarda belə Boesius kimi elm adamları Veronada, Teodorik sarayında dərs verib araşdırmalar apararaq zehni fəaliyyəti davam etdirirdilər. Ancaq bu elm adamları, Boesiusun timsalında olduğu kimi Şahzadənin gözündən düşür və saray əhlinin qısqanclığı və həsədi ucbatından işgəncəylə öldürülürdülər.

Son.az bilge.az-a istinadən bildirir ki, ancaq modern elmin doğuluşunun Qalileyin çalışmalarıyla və empirik metodların zəfəriylə eyni zamanda həyata keçdiyini dəqiqliklə təsdiqləyə bilərik. Elmin və riyaziyyatın on yeddinci əsrdə nümayiş etdirdiyi inkişaf, əvvəlki əsrlərdə görülməmiş dərəcədə yüksək səviyyəyə çatdı. Bu proses Renessans dövrünün kültür inqilabının və texnoloji inkişafla əlaqəli ticarət və iqtisadiyyatın genişləməsinin nəticəsiydi. Bu dönəmdə Qaliley, Dekart, Paskal, Torriçelli, Malpigi, Huygens, Nyuton və Leybnits kimi bir qrup elm insanlarının yanında sənət və fəlsəfənin bir neçə, örnəyin Şekspir, Milton, Spinoza, Molyer, Kalderon, Rubens, Rembrant, Velaskez, Karavaggo və Palladi kimi böyük ustadlarının adını da sıralayıb düşünsək, on yeddinci əsrin "Dahilər çağı" adlanması təəccüb doğurmaz.

İnsan dühasının bu cür tumurcuqlanması üçün gərək duyulan şəraiti yaradan nə idi? Xüsusən onu vurğulamaq lazımdı ki, modern elmi ortaya çıxaran əsas təkanlardan biri Orta Əsrlərin sonlarında baş verən sosial dəyişikliklər idi. Sənətkarların və inşaat sahəsində çalışıb yenilik yaradanların, Antik Yunanıstanda olduğu kimi, əzələ gücündən doğan məharətlərə sahib olduqları üçün sosiumun aşağı dərəcələrində yer alan insanlar olduğu düşüncəsi bundan belə söhbət mövzusu deyildi. Əksinə, zaman keçdikcə bu sosial kateqoriyada yer alan insanlar getdikcə ənənəvi qüvvələrdən xilas olmağa və müstəqil bir sinfə çevrilməyə başladılar. Artıq təşəbbüskarları və tacirlərinin işgüzarlığı nəticəsində Avropa cəmiyyətləri elmin qət etməkdə olduğu dinamik və proqressiv dönüş nöqtəsini bəsləməyə hazır vəziyyətə gəlmişdi. Öncəki əsrlərin texnoloji inqilabları da dünyaya münasibətdə yeni elmi baxışların mümkünlüyünə rəvac verən bu yolda öncüllük etdilər.

Məhz bu proseslərdən sonra elm tarixində əsas simalardan biri, elm və insanlıq tarixinə dərin damğa vuracaq nəzəriyyələr irəli sürən və araşdırmalar aparan sima ortaya çıxdı: Qalieo Qaliley (1564-1642). Qaliley eyni zamanda elm və iqtidar səhnəsində rol oynayan ən böyük aktyorların portretlərinin sərgiləndiyi sərgimizdə simvolik simadır, ancaq bu hekayəti ona xas olan mədəni kontekstə oturtmağımız gərəkdi.

İnduksiya metodunun dəyəri getdikcə daha çox qəbul edilməkdəydi və Qalileyin araşdırmaları təkcə böyüməkdə olan Renessans texnologiyasına damğasını vurmaqla qalmamış, eyni zamanda modern elmin başlanğıcını yaratmışdı. Qaliley düşüncə tarixində üç əsas fikrin yaradıcısıdı: Birincisi, təbiət dəqiq qanunlarla uyğunlaşan faktlarla doludur. İkincisi, nəhəng ölçülərdə olan hansısa təbiət mexanizmləri də, astronomiyanın göstərdiyi kimi, güllə kimi bəsit və bizə tanış olan nəsnələrin hərəkətlərini müşahidə edərək əldə etdiyimiz fiziki qanunlar əsasında izah oluna bilər. Deməli, bunun nəticəsində zəkamız təbiət hadisələrinin dəruni həqiqətini qavraya bilər. Üçüncüsü və son olaraq: Təbiət hadisələrinə dair həqiqətlərin riyazi qanunlarla ifadə edildiyini nəzərdə tutmaqla, eynilə həndəsə kimi, hesablama işinin də ağlın ideal modelini əmələ gətirdiyi qənaətini əldə edirik. Əgər fəlsəfə ümumiləşdirmələrin səthiliyindən sıyrılmaq istəyirsə, gərək o da bu həqiqəti qəbul etsin.

Qaliley və ardıcılları modern elmi təbiət gerçəklərinin kəşf edilməsində üz tutulacaq riyazi alət kimi təsəvvür edirdilər. Bu dünyagörüşə görə, təbiətdəki qarmaqarışıqlıq sadəcə görünüşdə belədi, onu, qüsursuz və təmiz riyazi terminlər vasitəsilə təsvir edilən bir sıra fundamental qanunlar şəklində ifadə etmək mümkündü. Mütləq şəkildə Tanrıya inanan Qalileyin düşüncəsinə görə, Tanrı simasında yaradılan ruh, yaradılışı idarə edən həqiqətlərə nüfuz etməyə və Tanrının malik olduğu dolğun təbiət bilgisinə doğru irəliləməyə qadirdi. Əgər belədisə, deməli elmin təbiətdə kəşf etdiyi həqiqətlər müqəddəs yaradılışın həqiqətləridir. Buna görə də bu düşüncələr Müqəddəs Kitabla ziddiyyət içindəymiş təsəvvürü oyatsalar da keçərliklərini itirməzlər. Həmin dövrə qədər Müqəddəs Kitabın vəhylərini həqiqət kimi şərh edərək nəhəng bir mənəvi qüvvəni əllərində saxlayan teoloqları qəzəbləndirən düşüncə, daha əvvəllər Bruno və Kampanella tərəfindən dəstəklənən məhz bu arqument idi.

1609-cu ildə özüyçün teleskop icad edən Qaliley Yupiterin peyklərini və Ayın fazalarını müşahidə edərək yeni bir kosmoloji həqiqəti açıqlığa çıxardı. Telezio, Bruno və Kampanella kimi elm adamları və fəlsəfəçilər Sxolastikanın və Aristotelçi fəlsəfəçilərin tənqidçiləriylə birgə bu yeni gerçəkliyi nəzəri olaraq çoxdan sezmişdilər.

Qalileyin bütün elmi vurğularıyla təməldə Kopernikçi olan Siderius nuncius (Ulduzların xəbərçisi) başlıqlı çalışmasının yayımlanması, elmdəki yeni düşüncələrlə ənənəvi fəlsəfəçilər və Kilsə arasında baş verən sərt hesablaşmaya səbəb oldu. Tomas Skott yaxud Okkamlı Vilhelm və digər düşünərlərin müdafiə etdikləri cüt həqiqət nəzəriyyəsinin (bu nəzəriyyəyə görə həqiqətə çatmağın iki yolu vardı, biri fəlsəfi, digəri teoloji) cəfəngiyyat olduğunu Qaliley cəsurcasına təsdiqlədi. İnkvizasiyanın getdikcə daha qatı və acımasız olduğu bir dövrdə Qaliley, müqəddəs kitabların ifadə etdiyindən daha fərqli izahlara ehtiyac duyulduğunu və təbiət qanunlarıyla əlaqəli dartışmalarda Müqəddəs Kitabın istənilən halda ikinci rol oynaması gərəkdiyini qorxmadan irəli sürdü.

Qaliley eyni zamanda insanın yaradıcılığa və xəyal gücünə sahib olduğunu müdafiə edirdi. Dünyada kəşf ediləcək və bilinəcək hər nəsnəni, hər prosesi artıq bildiyini iddia etməyə kim cəsarət edə bilərdi ki? Elm özünü Müqəddəs Kitabın şərhlərinə deyil, Müqəddəs Kitab öz şərhlərini elmin ortaya qoyduğu qənaətlərə- araşdırmaların, təcrübələrin və təriflərin nəticələrinə uyğunlaşdırmalıydı. Qalileyin müdafiə etdiyi inqilabi dünyagörüş beləydi və sadəcə bu bənzərsiz hadisənin təsirləri bəs edər ki, modern elmin doğuluşunu Qalileyə borclu olduğumuzu söyləyək.

Kopernik və Qalileyin düşüncələri təkcə elm və din arasında toqquşmaların yaranmasına səbəb olmaqla qalmadı, eyni zamanda Katolik kilsəsinin öz içində də ziddiyyətlərə rəvac verdi. O dönəmdə Katolik kilsəsinin mühafizəkar və mürtəce qanadını təmsil edən Dominikanlar ilə kültür və elmə daha açıq olan İezuitlər arasında şiddətli mücadilə başladı. On yeddinci əsrin əvvəllərində Katoliklər Birliyinin İezuit riyazıyyatçıları və astronomları ən yüksək elmi avtoritetlər sayılırdılar.

Ancaq Qalileyin Dialogo dei massimi sistemi (İki Dünya Sistemi haqqında dialoq) adlı əsərinin yayılması, başlanğıcda Qalileyin xoşməramlı dəstəkçilərindən biri olan Papa 7-ci Urbanonu çətin vəziyyətdə qoydu. Bu kitabın diqqət cəlb etməsi, Protestantların Kopernikçi nəzəriyyələri qəbul etməkdə gecikmələri və İezuitlərin Reform hərəkatına qarşı apardıqları mücadilə Qalileyin İnkvizasiya tərəfindən muhakimə edilməsini qaçılmaz etdi. Beləcə dünyanın ən böyük zəkalarından biri, artıq ciddi şəkildə xəstələnən və korlaşmağa başlayan bu dahi, Müqəddəs İnkvizasiyanın dustağı vəziyyətində 8 yanvar 1642-ci ildə həyata gözlərini yumdu. Qaliley ölmüşdü, amma qaranlıqlar içində dustaq olan dövrlərdən sonra elm Kilsəyə qarşı apardığı düşüncə azadlığı mücadiləsindən nəhayət ki qalibiyyətlə çıxdı.

Digər elm adamları, məsələn, Fransız İnqilabı ərəfəsində Lavuazye və Stalin hakimiyyəti dövründə Rusiyada Lisenkonun dünyagörüşünə qarşı mübarizə aparan elm adamları da öz elmi nəzəriyyə və düşüncələrini zamanlarının iqtidarına qarşı müdafiədə həyatları bahasına ödədilər. Ancaq Qalileydən və modern elmin doğuluşundan sonra elm və iqtidar arasındakı toqquşmaların dünyaya dair yeni bir baxış bucağı yaratdığını söyləyə bilərik. Bu baxışlar əsasında elm, insanlıq tarixində təməl, güclü və müstəqil bir zehni əsas halına gəldi.

Qalileyin düşüncələri əlbəttə boşluqdan ortaya çıxmadı. Bu düşüncələri anlamaq üçün bir neçə addım geri gedib Orta Əsrlərin sonunda yaşayan ən görkəmli elmi şəxsiyyət olan Kopernikin (1473-1543) fəaliyyətinə göz atmalıyıq. Kopernikin kosmologiyası Renessansın ən təkanverici qüvvələrindən biriydi və elm ilə dinin dünyəvi iqtidarı arasındakı zəruri mübarizəsinin qaynağıydı. Kopernik Polşa və İtalyada Padua, Bolonya və Ferrara universitetlərində təhsil aldı və çalışdı. Bu gün Koperniki, siyasi və mədəni gələcəyini hazırlaya bilmək üçün birlik axtarışında olan Avropanın simvolik siması olaraq seçə bilərik. Kopernikin yeni həndəsi qavramları Bruno, Qaliley, Dekart, Nyuton və Volterin elmi və fəlsəfi baxışlarının təkamülündə əsaslı rol oynadı. Fəqət həndəsi və astronomik mövzularda irəli sürülən bu yeni düşüncələr, yalnız Bruno və Qalileyin ənənəvi fəlsəfə və dini doqmatizmin basqıcı təzyiqlərinə qarşı girişdikləri dartışmalardan əlli il sonra və Nyutonun Principiası sayəsində bütün zamanların ən geniş və nəhəng rasional məbədi kimi ucalıq mərtəbəsinə çatdı.

Renessansın yenilikçi atmosferinə rəğmən yerli mədəni güclərin hamısı, on yeddinci əsrin ikinci yarısından on səkkizinci əsrin ilk iyirmi ilinədək Kopernikçi nəzəriyyələrə qarşı çıxdılar. Ənənəvi Aristotelçi və Sxolastika alimləri Kopernikçi nəzəriyyələrə qarşı təkcə riyazı baxımdan çətin olduqları üçün deyil, eyni zamanda dünyanın nizamlı şəkildə qurulan kainatın, Divine Comedydə (İlahi Komediya) Dantenin təsvir etdiyi kainatın mərkəzində olduğu inancı səbəbindən qarşı çıxdılar. Yeni modelin mövqelərinə qarşı təhdid yaratdığını instinktiv olaraq sezdilər. O dövrün fizikası Qalileyin irəli sürdüyü ətalət qanununu bilməzdən gəlirdi və son olaraq Kalvin, Lüter, Bellarmina və 7-ci Urbano kimi dini zehniyyətlərin təsiriylə mücərrədləşən dini doqmatizmin gücü, Kopernikçi nəzəriyyələri sapqınlıq olaraq qələmə verirdi. Məsələn, Melançton 1541-ci ildə avtoritetləri bu "məsuliyyətsiz fantaziyalar" barəsində təsirli bir ölçü götürməyə çağırır, Lüter isə Koperniki dəli elan edirdi. Bunun əksinə, Papa 7-ci Klements Kopernikin çalışmalarını başlanğıcda təqdirə layiq hesab etsə də, əsrin sonuna gəldiyində o da Kilsə həndəsəsinin bu dəbdəbəli cənnətində hiyləgər bir ilanın gəzişdiyini kəşf etdi.

Kopernikçilər arasında ən məşhur olanları Bruno ve Qaliley idi. Daha öncə gördüyümüz kimi, Qaliley düşüncə dünyasına modern elmin təməlini atan yeni bir mexanika və astronomiya anlayışı gətirmişdi. Digər tərəfdən Bruno, daha sonralar Kampanella, Spinoza və digər romantik filosof və yazıçıların inkişaf etdirəcəyi yeni bir panteist dünyagörüşünün ilk cizgilərini yaratdı. Kopernik 1543-cü ildə vəfat edərkən, son çalışmaları yatağının altından tapıldı. Gizləmişdi.