Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olunub (FOTO)


Digərləri 17 İyn 2019 22:28:34 163 0

Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məruzə təqdim olunub (FOTO)

17 iyun 2019-cu il tarixdə Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu - Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfrans keçirilib

Bakı. 17 iyun 2019-cu il tarixdə Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu - Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfrans keçirilib. Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Fransa hökumətinin dəstəyi ilə təşkil olunmuş bu tədbirin açılışında Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mouri Paskye, Avropa Komissiyasının birinci Vitse-prezidenti Frans Timmermans, Fransanın ədliyyə naziri Nikol Belube və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər. Azərbaycan Respublikasını bu tədbirdə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Baş İdarənin böyük prokuroru Elnur Musayevin daxil olduğu nümayəndə heyəti təmsil edib. Qeyd olunmalıdır ki, GRECO 20 illik fəaliyyəti ərzində üzv ölkələrə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsinə dəstək göstərmiş, habelə Avropa Şurasında daxili nəzarətin gücləndirilməsində aparıcı rol oynayıb. Tədbirdə çıxış etmiş Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında mövcud işgüzar və qarşılıqlı faydalı münasibətlər çərçivəsində GRECO ilə əməkdaşlığa ölkəmizdə verilən xüsusi diqqəti vurğulayaraq, bu əməkdaşlığın müsbət nəticələri barədə danışıb. Konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Prezident Fərmanından irəli gələn vəzifələr barədə məlumat verilib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, şəffaflığın və cavabdehliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd olunub. Baş prokurorun müavininin qeyd etdiyi kimi, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ekspert qurumu tərəfindən verilmiş tövsiyələrin böyük qismini icra edib, dəyərləndirmənin üç raundu başa çatdırılıb və əldə olunmuş nəticələr uğurlu hesab olunub. Ölkəmizin həmçinin GRECO-nun dəstəyi ilə təşkil olunan Korrupsiyanın qarşısının alınması üzrə Sibernik Şəbəkəsinin fəal üzvlərindən biri olduğu xatırladılıb.