İranın uran istehsalı dörd dəfə artıb


Dünya 17 İyn 2019 18:30:00 226 0

İranın uran istehsalı dörd dəfə artıb

İranın uran istehsalı 300 kiloqramı keçəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Ərak Ağır Su Kompleksində jurnalistlərə verdiyi açıqlamada deyib.

B.Kamalvəndinin sözlərinə görə, uran istehsalının 300 kiloqramdan keçməsi üçün geri sayım başlayıb: "Bu gündən 10 gün müddətinə (27 iyunadək) Dövlət tərəfindən elan olunan kimi, zənginləşdirmə daha sürətlə davam etdiriləcək. İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına əsasən 1-ci mərhələdə iki addım yerinə yetirilməkdədir".

Təşkilat rəsmisi bildirib ki, növbəti mərhələ (uranın 3,7% ölçüsündə zənginləşdirilməsi) 1-2 gün ərzində icra olunacaq: "Avropa ölkələri üçün Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq önəmlidirsə, onlar öz səylərini göstərməlidirlər və İranın addımları tamamilə bu plan çərçivəsindədir".

Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il 8 mayda nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.