Sovet liderlərini özünə tabe etdirmiş məşhur fotoqrafın maraqlı xatirələri… FOTO


Dünya 17 İyn 2019 15:54:00 243 0

Sovet liderlərini özünə tabe etdirmiş məşhur fotoqrafın maraqlı xatirələri…  FOTO

"Onlar eyni siyasi əqidənin sahibi olsalar da, xarakterləri fərqli idi. Hər bir Siyasi Büro üzvü özünəməxsus kaprizləri, münasibət tərzləri, davranışı ilə fərqlənirdi. Kimisi mehriban idi, kimisi isə sərt... Amma bunlar mənim işimə mane ola bilməzdi. Çünki mən xidməti vəzifəmi icra edirdim. Məsələn, Nukuta Xruşov siyasətdə səbrsiz bir sima olsa da, mənim kameramın qarşısına keçəndə hövsələli olurdu. Mən işimi gördüyüm vaxt onu özümə tabe edə bilirdim. Bəzən isə özü xahiş edirdi ki, şəklini təkrar bir də çəkim. Çünki bilirdi ki, şəkdiyim şəkil sabahısı gün mərkəzi qəzetlərin birinci səhifəsində olacaq..."

Son.az musavat.com-a istinadən bildirir ki, bu sətirlər 40 ilə yaxın bir müddətdə Kremlin fotoqrafı olan İlya Filatovun mətbuata verdiyi müsahibəsindəndir. Özü tez-tez jurnalistlərin arasında olsa da, İlya Filatov heç vaxt jurnalistlərə açıq olmayıb. Kremlin fotoqrafı yalnız ömrünün son illərində cəmisi 2-3 dəfə jurnalistlərlə hömsöhbət olub. Müsahibələrin sonunda ondan şəkil istəyəndə isə, o qəzetdə şəklinin getməsinə razılıq verməyib.

İlya Filatov peşəkar fotoqraf olmağı ilə yanaşı, son dərəcə mədəni, yüksək intellektli, böyük dünyagörüşünə malik bir şəxs olub. Bəlkə də bunun nəticəsidir ki, siyasi liderlərin şəkillərini çəkdikdən sonra arabir onlarla fikir mübadiləsi aparmağa da nail olub.

Özü söylədiyi kimi bu məsələdə fotoqraf daha çox Leonid İliç Brejnevlə ünsiyyətdə olub: "Leonid İliç Brejnev mülayim və sadə bir insan idi. O məni tez-tez bağ evinə də çağırırdı, ailə tədbirlərini, müxtəlif yığıncaqları çəkirdim. Şəkil çəkdirməyi çox xoşlayırdı. Aramızda tez-tez söhbətlər də olurdu. O, daha çox suallar verirdi, insanların güzəranı, sosial problemləri ilə maraqlanırdı. Mən də bu suallara hər şeyi gördüyüm və bildiyim kimi cavab verirdim. Brejnevin həyat yoldaşı Viktoriya Petrovna çox mehriban, qayğıkeş qadın idi. İşimi gördükdən sonra, o məni yedizdirməmiş yola salmazdı. Hələ bundan əlavə evə aparmaq üçün ərzaqlar da qoyurdu maşına. Bir sözlə, mən bu ailədən həmişə razı qalmışam..."

İlya Filatov müsahibələrində digər rəhbərləri də xarakterizə edib: "Mixail Suslov çox soyuq adam idi. Siyasi Büro üzvlərinin portretlərini hazırlayanda hər bir üzvün şəklini çəkmək üçün konkret vaxt ayrılmışdı. Digərlərindən fərqli olaraq Suslov üçün ayrılmış vaxta bir dəqiqə gecikmək, yaxud bir dəqiqə vaxtından əvvəl tez gəlmək böyük problem yarada bilərdi. O danışmağı sevmirdi. Amma mənim çəkilişlə bağlı komandalarıma ciddi riayət edirdi, sonda isə ciddi şəkildə soruşurdu: "Mən öz işimə davam edə bilərəm?"

Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin maraqlı adam idi. Həm də şəkil çəkdirməyi çox sevirdi. Mən işimə başlamazdan əvvəl, o mənim problemlərimlə maraqlanırdı. Yeri gəlmişkən, Kreml yaxınlığında fotoatelye açmağıma o mənə kömək etmişdi. Qrişin şəkil çəkdirmək üçün kifayət qədər vaxt ayırırdı, hətta qəbulda kimlərinsə gözləməyinə baxmayaraq məni tələsdirmirdi.

İşlədiyim illər ərzində özümə ən yaxın saydığım adam Aleksey Kosıgin olub. Ümumiyyətlə Kosıgini hamı sevirdi və ona olan rəğbət təkcə onun tutduğu vəzifədən deyi, insanlığından irəli gəlirdi. Kösıgin siyasi elita arasında yeganə şəxs idi ki, mən istənilən vaxt ona öz sözümü deyə bilərdim. Məni tez-tez ailə tədbirlərini çəkməyə dəvət edirdi. İşimi görüb qurtardıqdan sonra isə heç olmasa yarım saatlıq olsa da məni süfrə arxasına keçməyə məcbur edirdi.

Konstantin Çernenko şəkil həvəskarı olsa da, çəkilən şəkillərə qarşı çox tələbkar və kaprizli bir adam idi. Bəzən elə olurdu ki, mən onun şəkillərini "retuş" etmək üçün saatlarla vaxt sərf edirdim.