Avtomobil ehtiyat hissələri bazarında kritik durum


Digərləri 17 İyn 2019 15:32:00 803 0

Avtomobil ehtiyat hissələri bazarında kritik durum

Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.

Son.az bildirir ki, musavat.com-un müxbiri Nizami rayonunda yerləşən "Maşın bazarı" adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara "divan" tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.

Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi... Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.

Adının çəkilməsini istəməyən satıcı aylarla  üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: "Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, "işləyirsən işlə, işləmirsən yaxşı yol". Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir".

Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: "İcarə haqqını verə bilməyən  obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər".

Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.

Təkər satışı şöbəsində  isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir,  bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.


Xəbərə aid fotolar