Azərbaycanın tanınmış mühəndisi vəfat edib


Digərləri 17 İyn 2019 14:31:00 202 0

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Azərbaycanın əməkdar mühəndisi Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.

Kamil Akimov istehsalatda çalışmaqla yanaşı elmi axtarışlarını davam etdirib, neft emalı sənayesi sahəsində 30-a yaxın təklifin, 10-a yaxın ixtiranın müəllifi olub. Bu illər ərzində o, neftayırma sənayesi işçiləri, texnikum və institut tələbələri üçün dərsliyin və bir neçə kitabçanın çapdan çıxmasına nail olub.

O, 1962-ci ildə zavodun baş mühəndisini müavini, 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini, 1964-cü ildə isə Ə.Qarayev adına neft emalı zavoduna direktor vəzifəsinə təyin edilib.

Kamil Akimov zavoda rəhbərlik etdiyi illərdə qurğuların yeni texnologiya əsasında təkmilləşdirilməsi, istismarı və təmiri işləri ilə məşğul olaraq, qısa müddətdə zavodun qabaqcıl sənaye müəssisələri sırasına çıxmasına nail olub. Məhz bu uğurlarına görə o, "Şərəf Nişanı" ordeninə, "Əməkdar Mühəndis" fəxri adına layiq görülüb və daha məsul vəzifələrə irəli sürülüb.

Kamil Akimov 1967-ci ildə Azərbaycan Respublikası neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə Azərbaycan Respublikası neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri vardır. O dövrdə Azərbaycana yüksək məhsuldarlığa malik iki ELOU-AVT-6 qurğusu gətirilib, Bakı neftayırma zavodu yeni texnologiyaya əsaslanan katalitik riforminq qurğusu ilə təchiz edilib, neftayırma zavodları üçün möhkəm maddi-texniki baza yaradan yeni obyektlər tikilib istifadəyə verilib.

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib. Kamil Akimov zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də neft emalı sənayesinin inkişafına mühüm töhfələr verib. O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.

Kamil Akimov ömrünün ahıl vaxtlarında da neft emalı sənayesinə töhfələr verməkdə davam edib. SOCAR-ın "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində baş direktorun məsləhətçisi kimi fəaliyyət göstərən görkəmli mühəndisin neft emalı prosesində formalaşan neftşlamın emalı və zərəsizləşdirilməsi, sənaye çirkab sularının təmizlənməsi texnologiylarının təkmilləşdirilməsinə dair verdiyi təkliflər uğurla həyata keçirilir. Kamil Akimov daim öz həyat və əmək təcrübəsini gənclərlə bölüşmüş, peşəkar mühəndis və texnoloq kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.

Görkəmli mühəndis və ictimai xadim Kamil Akimovun undulmaz xatirəsi daim qəlblərdə yaşayacaq, onun neft emalı sənayesinə gətirdiyi yeniliklər bundan sonra da iqtisadiyyatımızın inkişafına töhfələr verməkdə davam edəcəkdir.

Allah rəhmət etsin!