Universitet, fakültə və şəhərin yanlış olmaması üçün Araşdırma


Digərləri 16 İyn 2019 23:45:00 206 0

Universitet, fakültə və şəhərin yanlış olmaması üçün  Araşdırma

Və ya YÖS imtahanı verənlər universitet seçimini zamanı nələrə diqqət etməlidirlər?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xaricdə təhsilə üstünlük verən gənclərin sayı ildən-ilə artır. Övladının xaricdə təhsil almasını istəyən valideynlər də çoxalır. Düzdür, dünyanın istənilən yerində təhsil almaq imkanımız var, amma gənclərimizin ən çox üz tutduğu ölkə Türkiyədir. Həm məkan olaraq yaxındır, həm də dil cəhətdən.

Türkiyə vətəndaşlığı olmayan şəxslər bu ölkənin universitetlərində təhsil almaq üçün YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı verməlidirlər. Əvvəllər YÖS imtahanı mərkəzləmiş qaydada idi, bir dəfə imtahan verirdin, sonra yığdığın nəticəyə uyğun istədiyin ali təhsil müəssisəsini seçirdin. Ancaq indi hər universitet ölkəmizdə ayrıca olaraq YÖS imtahanı keçirir. Adətən, gənclər bir neçə universitetin YÖS imtahanında iştirak edirlər, nəticələri də təxminən eyni olur. Və bundan sonra seçim mərhələsi gəlir. Yəni bir neçə universitetdə təhsil ala bilərlər, bəs seçim zamanı nələrə diqqət etməlidirlər?

Yaxşı hazırlıq olmalıdır

Mütəxəssislər bildirir ki, burda birinci məqam imtahana nə dərəcədə hazırlıqlı olmaqdır. Metropol YÖS Kurslarının Azərbaycan şöbəsinin nümayəndəsi Zaur Məmmədzadə deyir ki, yaxşı seçim imkanının olması üçün ilk növbədə YÖS imtahanına hazırlıqlı olmaq lazımdır: "Yaxşı təhsil verən universitetlərə qəbul olmaq üçün yaxşı nəticə göstərmək lazımdır. İmtahanlarda zəif nəticə göstərəndə seçim edə biləcəyin universitetlər elə də yaxşı olmaya bilər. Hər şey imtahana hazırlıqlı olmaqdan başlayır".

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi, təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmovun sözlərinə görə, abituriyent Türkiyədə təhsil almaq istəyirsə, YÖS üçün bir il hazırlaşıb sonra müraciət etsə, daha yaxşı olar: "Yaxşı bal yığa bilsin ki, yüksək reytinqli universitetlərə qəbul olsun. Çox aşağı ballarla Türkiyə universitetlərinə müraciət etməyə dəyməz. Aşağı balla qəbul olunan universitetlərdə dünya səviyyəli təhsil alına biləcəyini düşünmürəm. Bundan əlavə, SAT imtahanını verməklə Türkiyədə daha prestijli universitetlərə müraciət edə bilərlər. Məsələn, Ortadoğu Texniki Universiteti, Boğaziçi Universiteti, Hacettepe Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Marmara Universiteti, Karadeniz Texniki Universiteti, Atatürk Universiteti, Bilkent Universiteti, Sabancı Universitetini qeyd edə bilərik. Bu universitetlər dünya reytinqində də müəyyən bir yerə sahibdirlər. Keyfiyyətli təhsil verdiklərini də deyə bilərik".

Universitetin ölkə və dünya üzrə reytinqi

Bir neçə universitetin imtahanında yaxşı nəticə göstərdikdə isə abituriyent seçim arasında qala bilər.Q.Məhərrəmov deyir ki, seçim zamanı ilk diqqət edilməli məsələ, universitetin dünya və Türkiyə üzrə reytinqidir: "Türkiyədə 150-yə yaxın universitet var. Onların heç də hamısı eyni dərəcədə maddi-texniki bazaya, akademik heyətə sahib deyil. Ona görə də bizim abituriyentlər seçim etməmişdən əvvəl təhsil müəssisəsinin Türkiyə universitetləri arasında reytinqinə baxmalıdır. Və bununla yanaşı, dünya reytinqində yerinə də fikir verməlidir. Birinci reytinqə baxmaq lazımdır. Çünki bu, önəmli göstəricidir".

Universitetin reytinqi yüksək olanı seçim, yoxsa illik ödənişi bir az aşağı olanı? Çox vaxt seçimdə bu sual da tərəddüdə səbəb olur. Z.Məmmədzadə deyir ki, yaxşı təhsil almaq istəyənlər, təhsil haqqından çox reytinqə fikir versinlər: "Türkiyə universitetlərində təhsil haqqı hər il dəyişə bilir. Hər il universitetin idarə heyəti toplanaraq qərar verir ki, bu il ödənişlər necə olsun. Universitetləri təhsil haqqına görə deyil, reytinqlərinə görə dəyərləndirsələr, daha yaxşı olar".

Böyük, yoxsa kiçik şəhərlərin universitetləri?

Q.Məhərrəmov bildirdi ki, universitetin Türkiyənin hansı şəhərlərində yerləşməsi də onlar haqqında müəyyən fikir demiş olur: "Əgər eyni zamanda böyük və kiçik şəhərlərdə olan universitetlərdə təhsil imkanı qazanmısınızsa, bu zaman bilməlisiniz ki, böyük şəhərlərin universitetlərində təhsil üçün şərait daha yaxşı olur: "Türkiyənin İstanbul, Ankara, İzmir, Konya, Bursa, Əskişəhər, Ərzurum, Trabzon kimi məşhur şəhərlərində olan universitetlərin təhsili kənar şəhərlərdə yerləşənlərlə müqayisədə daha yaxşıdır. Bütün hallarda seçdikləri universitetin bir ənənəsi, keçmişi olmağına diqqət etməlidirlər".

Q.Məhərrəmovun sözlərinə görə, əgər Türkiyənin böyük şəhərlərində deyil, bir az kənar yerlərində olan universitetlərdə təhsil imkanı qazanmısınızsa, burda diqqət etməli olduğunuz məsələlər bir az dəyişə bilir: "Bu zaman universitetin nə vaxt qurulmasına, nə qədər heyəti olmasına fikir versinlər. Laboratoriyalarının olub-olmamasını, dərs proqramlarını təfərrüatlı araşdırmaq lazımdır. Universitetin saytına daxil olub ümumi məlumat əldə edin, detallı araşdırın. Ən önəmli məsələlərdən biri universitetdə nə qədər müəllimin, professorun çalışmasıdır. Türkiyənin hansısa şəhərində yerləşən universitetdə də kompüter mühəndisliyi ixtisası açıla bilər, amma orda təhsil alıb məzun olanda heç bir müasir kompüter texnologiyalarına yiyələnməyə bilərsən. Ona görə oxuyacağınız ixtisasla bağlı universitetin maddi-texniki bazasının olub-olmamasına baxmalısınız. Maddi-texniki baza olmadığı üçün dərslər nəzəri xarakter daşıya bilər. Belə yerdə oxumağa, bunun üçün 4 il xaricdə təhsil almağa dəyməz".


Xəbərə aid fotolar