"Ailə qurdum və başım qarışdı..." FOTO


Digərləri 16 İyn 2019 21:59:00 233 0

"Ailə qurdum və başım qarışdı..."  FOTO

Gövhərxanım Mirzəzadə: "Onların nə düşündüyü, nə istədiyi, hansı hisslər keçirdiyi mənə çox maraqlıdır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Hələ müəllim olmağı istədiyim ilk gündən fikirləşirdim ki, hər gün məktəbə gedib-gələn müəllimlərdən olmayacağam. Çalışacağam ki, uşaqlara yeni nələrsə öyrədə bilim" - bu sözləri bizimlə söhbətində Masallının Yeddioymaq kəndindəki Ramiz Əzizov adına 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışan Gövhərxanım Mirzəzadə söylədi.   Müsahibim deyir ki, Masallı onun üçün yad bir yer deyil. Çünki özü də 1996-cı ildə Masallı rayonunda anadan olub, orta təhsilini elə burada alıb. Həmsöhbətim Bakı Humanitar Kollecini bitirib.    Mən müəllim olacağam   Deyir ki, müəllim olmaq qərarına birdən-birə gəlməyib: "Nə qədər qəliblənmiş bir ifadə olsa da, bu peşə ilə məşğul olmaq mənim uşaqlıqdan arzum olub. Hələ kiçik yaşlarımdan oyuncaqlarımı qarşıma qoyub onlara dərs keçirdim. Niyəsə özümü həmişə müəllim obrazında təsəvvür edirdim. Özüm üçün sinif düzəltmişdim. Məktəbdə müəllimlərimdən nə öyrənirdimsə, eynisini öz "şagirdlərimə" də izah edirdim. Hətta müəllimimin etdiyi jest və hərəkətləri, dediyi sözləri belə, olduğu kimi təkrarlayırdım. Məktəbdə onun etdiyi hər şeyi öz yaddaşıma həkk edirdim. Elə o vaxtdan da bu arzu ilə yaşayırdım. Yuxarı siniflərdə oxuduqca, bu istəyim daha da artmağa başladı. Qarşıma məqsəd qoydum ki, müəllim olacağam. Sevinirəm ki, bu gün öz məqsədimə çata bilmişəm".

Kolleci bitirdikdən sonra Bakıda yaşamağa davam edən müsahibim, ilk ildən öz arzusuna çata bilmir. Amma bu uğursuzluq onu həvəsdən salmır: "Bitirdiyim il müəllim işləmək üçün imtahan vermək istəmədim. Çünki özümü buna hazır hiss etmirdim. 2017-ci ildə qərara gəldim ki, imtahan verəcəyəm. Amma elə oldu ki, ailə qurdum və başım qarışdı. Ona görə də imtahanlara istədiyim kimi hazırlaşa bilmədim. Bir həftə qalmış hazırlığa başladım. Amma özümü yoxlamaq üçün imtahana getmək qərarı verdim. Yaxşı hazırlaşmadığıma görə, yaxşı nəticəyə çox da inanmırdım. Hətta qəbul olmasaydım belə, ruhdan düşməyəcəkdim. Amma imtahan verdim və 46 bal topladım. Göstərdiyim nəticə məni çox sevindirdi və həvəsləndirdi. Elə əvvəldən də özümü bölgələrdə dərs deməyə hazırlamışdım. Çünki mənim əsas istəyim müəllim olmaq idi. Məndən müsahibə götürəndə də bunu demişdim ki, kənd, şəhər fərqi yoxdur, əsas odur ki, müəllim işləyim. Amma həmin il vakansiya seçimində uğur qazana bilmədim. 2018-ci ildə birbaşa seçimlərdə iştirak etdim, yenə də ümidsiz idim. Hətta cavablar çıxanda, baxmaq yadımdan çıxmışdı. Masallı rayonunun Yeddioymaq kəndi üzrə seçildiyimi biləndə çox sevindim. Beləcə, hazırda işlədiyim məktəbə təyinat aldım".

İlk şagirdlərimi heç vaxt unutmayacağam   Gövhərxanım kənd məktəbində işləməyin çox maraqlı olduğunu söylədi: "Hərdən öz-özümə deyirəm ki, nə yaxşı, bura düşmüşəm. Şagirdlərin həyəcanlı baxışı, səbirsizliklə müəllimlərini gözləməsi məni çox sevindirirdi. İlk dəfə sinfə girdiyim gün, şagirdlərlə tanışlığım heç vaxt yadımdan çıxmır. Mənə elə gəlir ki, bundan sonra nə qədər çox şagirdim olsa da, ilk şagirdlərimi heç vaxt unutmayacağam. Kənd camaatı, məktəbin kollektivi çox mehriban, istiqanlı insanlardır. Burada məni gözlədiyimdən də yaxşı qarşıladılar. Məktəbə daxil olduğum gündən özümü doğma bir yerdə hiss edirdim və heç vaxt yadlıq hissi keçirməmişəm. Neçə illər arzu etdiyim peşəyə yiyələnmişdim. Amma ilk vaxtlar öz işimin öhdəsindən necə gələ biləcəyimlə bağlı düşüncə məni həyəcanlandırırdı. Buradakı mühit məndə özünəinam formalaşdırdı və ruh yüksəkliyi yaratdı. İlk ilim olmasına baxmayaraq, burada xeyli təcrübə qazandım".

Həmsöhbətim deyir ki, kənd uşaqlarına dərs deməyin çətin və asan tərəfləri var: "Müəllimlik kənardan göründüyü qədər asan  iş deyil. Müəllim adını qazanmaq hələ sənin müəllim olmağın  anlamına gəlmir. Bu ada layiq olmaq həqiqətən də, çətin və məsuliyyətlidir. Kənd və ya şəhər məktəbi olmasının fərqi yoxdur, məsuliyyət eynidir. Şagirdləri öyrətmək, onların psixologiyasına bələd olmaq, qarşılıqlı əməkdaşlıq hər yerdə eynidir. Şəhər məktəblərində oxuyan uşaqlar texnologiyaya daha yaxından bələddir. Onlar kompüter və digər texnoloji vasitələrlə işləməyi yaxşı bacarırlar. Amma kənd uşaqları üçün texnologiya ikinci planda gəlir. Burada internetə çıxış da çox deyil. Ona görə də, kənd uşaqlarına dərs keçmək bir az daha çətindir. Onların öz dili var. Əslində müasir təlim-tədris metodikasını tətbiq etməklə, şagirdlərin informasiya ilə yararlanmaq qabiliyyətini formalaşdıra bildim. Artıq əksər şagirdlərim informasiya əldə etmək, onunla işləmək qabiliyyətini inkişaf etdirib. İndi onlar özləri müstəqil şəkildə bilik əldə edə bilirlər. Uşaqlarla ünsiyyət qurmaq mənim üçün özəl bir hissdir. Onların nə düşündüyü, nə istədiyi, hansı hisslər keçirdiyi mənə çox maraqlıdır. Çalışıram ki, dərsi, onların başa düşəcəyi dildə izah edim. Əgər sən şagirdin daxili aləminə bələd olmasan, onlarla işləyə bilməzsən. Onların daxili aləmini öyrənmək əsas məsələdir. Ona görə də, dərs dediyim şagirdlərimi yaxından tanımaq üçün ilk vaxtlar xeyli müşahidələr aparmalı oldum".


Xəbərə aid fotolar