"Birinci kursda oxuyarkən..." FOTO


Kriminal 16 İyn 2019 21:45:00 186 0

"Birinci kursda oxuyarkən..."  FOTO

Adil Dəmirov: "Səhnədə hərəkətə gələn kuklaların arxasında onları idarə edən canlı bir enerji var"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

2 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır. Bu zamana qədər irili-xırdalı bir çox tamaşalarda rol alıb. Yaşının az olmasına baxmayaraq, gələcəyə böyük ümidlər bəsləyir. Qismətindən razılıq edir, deyir ki, tale onun qarşısına yaxşı müəllim, gözəl kollektiv çıxarıb. Aktyorun hərtərəfli yetişməsini vacib hesab edir. Bunun üçün özünü hər sahədə sınamağa çalışır.

Beləliklə, "Debüt" rubrikamızın qonağı Kukla Teatrının gənc aktyoru Adil Dəmirovdur. O,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" ixtisasını bitirib. Kurs rəhbəri xalq artisti Məmməd Səfa olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun quruluşunda hazırlanan "Şah Qacar" tamaşasında Qacarın yeniyetməlik illərini canlandırıb. Elə o illərdən səhnədə peşəkar aktyorlarla tərəf müqabili olub. Özünü yolun başlanğıcında hesab edir. Çıxdığı yolda daim öyrənməyi özünə borc bilir.   - Universitet sizə nələr qazandırıb?

- Mən hər zaman şükür etmişəm ki, məhz Məmməd Səfa müəllimin kursuna düşmüşəm. Bu zamana qədər bir çox rejissorlarla çalışmışam, ancaq ondan öyrəndiklərimi heç kimdən ala bilməmişəm. O mənə təkcə bu sənətin sirlərini öyrətməyib, yeri gələndə dost, yeri gələndə sirdaş, həmkar, qardaş olub. Aktyorluq sənətinin sirlərini mənə müəllimim öyrədib. Səhnədə duruş, davranış, nizam-intizam... Təbii ki, bu sənətin əlifbasını universitetdə öyrəndim və bu işdə Məmməd Səfa müəllimin müstəsna xidmətləri oldu. Məşqlərimizi YUĞ Teatrında edirdik. Çünki müəllimim istəyirdi ki, biz səhnəyə öyrəşək, tamaşaçı ilə işləyə bilmək qabiliyyətimiz formalaşsın. Bunun üçün də bizə dərsləri YUĞ Teatrında keçirdi. YUĞ Teatrının spesifikası tamamilə fərqlidir. Çünki tamaşaçı ilə çox yaxın məsafədə, açıq təmasda olan bir səhnəsi var. Orada səmimi olmamaq qeyri-mümkün idi.   - Və elə tələbəlik illərindən də peşəkar səhnədə addımlamağa başladınız.

- Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrına dəvət aldım. Xalq artisti Azər Paşa Nemətovun quruluşunda hazırlanan, Fuad Poladovun baş rol oynadığı "Şah Qacar" tamaşasında Qacarın yeniyetməlik illərini canlandırdım. İlk rolum ana teatrın səhnəsində oldu və bu obraz mənə çox uğur gətirdi. Bir-birindən maraqlı tamaşalarda rol aldım. Məmməd Səfa müəllim kurs işində tamaşalar qururdu və mən orada rol aldım. Tələbə tamaşalarının təbii ki, formalaşmağımızda böyük rolu oldu. Ondan sonra teatrın səhnəsində xalq artistlərimiz Ramiz Novruz, Bəsti Cəfərovanın hazırladığı tamaşalarda və YUĞ Teatrının istedadlı rejissoru Gümrah Ömərin bir işində iştirak etdim. Gənc rejissor Fidan Cəfərovanın çəkdiyi "Araf" filmində Əsgər Əli roluna çəkildim. Ana teatrın səhnəsində "Silindr"də Mikele, "Müsyö İbrahim və Quran çiçəkləri"ndə polis, "Nağıllar aləmi"ndə nağıl qəhrəmanları, "Nadir Şah"da Məhəmməd Hüseyn, "Gəncə qapıları"nda Orxan və sair rolları oynadım. Kukla Teatrında isə "Cırtdan", "Əli baba və 40 quldur", "Maşa və ayı", "Karlson", "Pinokionun sərgüzəştləri", "Qoçaq Əhməd", "Qırmızı papaq", "Keloğlan", "Bizim Donkixot" tamaşalarında rol aldım.   - Yeniyetmə Qacar olmaq necə bir hissdir?

- Çox qürurvericidir. Səhnəyə çıxanda həyəcan keçirirdim. Fuad Poladova baxırdım və onun kimi oynamağa çalışırdım. Təbii ki, rejissorumuz səhnədə mizan verirdi, ancaq bu mənim həyəcanımı ört-basdır etmirdi. İlk dəfə səhnəyə çıxanda içimdə bir qədər qorxu var idi. Deyirdim ki, birdən nəyisə düz etmərəm. Sonradan oynadıqca tamaşa yerinə oturmağa, daha da "bişməyə" başladı.

- Akademik Milli Dram Teatrı ilə Kukla Teatrının fərqli spesifikası var. Kukla dünyası tamam başqa bir aləmdir. Kukla Teatrına gələndə buranın iş strukturu sizə çətin  gəlmədimi?

- Kukla Teatrı mənə çox maraqlı gəlirdi. Aktyor öz üzərində mütəmadi olaraq çalışmalı, özünü hərtərəfli inkişaf etdirməli, özünü hər sahədə sınamalıdır. Niyə də olmasın? Misal üçün, mən oxumağı da, rəqs etməyi də bacarıram. YUĞ Teatrında məşq edib, Akademik Milli Dram Teatrında səhnəyə çıxıb, Kukla Teatrında çalışıram. Uşaq yaşlarımdan anam məni Kukla Teatrına gətirirdi və bu teatr hər zaman mənim yadımda sehrli bir dünya kimi qalmışdı. Mənə kuklaların hərəkət etməsi müəmmalı qalırdı. Bu bir nağıl idi. İllər keçdikdən sonra bu teatra gəldim və o sehrli dünyanın bir parçasına çevrildim. Mənə indi aydın oldu ki, kuklaları bu qədər sehrli edən enerjidir. Belə ki, səhnədə hərəkətə gələn kuklaların arxasında onu idarə edən canlı bir enerji var. Aktyor enerjisini, plastikasını, istedadını kuklaya ötürür və o başlayır canlanmağa. Uşaqlıq arzularımın arxasınca getdim və enerjim məni Kukla Teatrına gətirdi. İstədim ki, özümü bu tərəfdən də sınayım. Bunun üçün Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə təşəkkürümü bildirirəm. O hər zaman gənclərə böyük dəstək göstərib. İstər yaradıcı, istər aktyor, istərsə də texniki heyətimizin demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Rəşad müəllim Kukla Teatrının səhnəsində özümüzü realizə etmək üçün böyük imkanlar yaradıb. Bizim teatrın nəzdində "Oyuq" teatr studiyası fəaliyyət göstərir. Studiyanın rəhbəri Səidə Haqverdiyeva istedadlı uşaqları orada bir araya cəm edib, onları peşəkar səhnə üçün hazırlayır.    - Korifey sənətkarlarla bir səhnəni paylaşanda hansı hissləri yaşayırsınız?

- Uşaq yaşlarımda televiziyadan sənətkarlarımızı izləyirdim və düşünürdüm ki, görəsən nə zamansa onlar kimi oynaya bilərəmmi? Bu gün isə onlarla bir səhnəni paylaşıram, bu mənim arzularımın bir parçası idi. Oynayaraq düşünürəm ki, görəsən mən də onlar kimi ola biləcəmmi? Təbii ki, bir tələbənin dahi sənətkarlarla bir səhnəni bölüşməyinin nə demək olduğunun bütün məsuliyyətini dərk edirdim. Bu mənə verilən bir etimad idi və mən o etimadı doğrultmağa çalışırdım. Öz üzərimdə işləyir, obrazımın öhdəsindən məsuliyyətlə gəlməyə cəhd göstərirdim. Tələbə-aktyor üçün bu çox böyük bir şans idi. - Hədəfləriniz nələrdir?


Xəbərə aid fotolar