"O illərdə mənə günün 24 saatı bəs etmirdi" Keçmişdəki mən FOTO


Kriminal 16 İyn 2019 19:29:00 237 0

"O illərdə mənə günün 24 saatı bəs etmirdi"  Keçmişdəki mən  FOTO

Faiq Sücəddinov: "Bizim dövrümüzdə gənclik illəri daha maraqlı və rəngarəng keçirdi"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Hər kəsin anası onun üçün əlindən gələni edir. Anam da mənə görə öz həyatını fəda etdi. Həmişə valideynlərimi yadıma salanda kövrəlirəm. Xüsusilə anamı xatırladığım zaman onun üçün çox darıxıram. Tələbələrimə də deyirəm ki, valideynlərinizin qədrini bilin, hər gün onların üzündən öpün. Valideynlər Allahın bizə verdiyi hədiyyə, lütfdür".

Bu sözləri bizimlə söhbətində bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi Faiq Sücəddinov söylədi.   "Həyətdə oynamaq mənə maraqlı gəlmirdi"   İlk olaraq onun uşaqlıq illərindən danışdıq. Bu mövzuya toxunanda "həyatı sevə-sevə yaşamaq, yaşayıb-yaratmaq eşqi ilə keçirmək lazımdır" dedi: "1947-ci ildə Gəncə şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq. Məndən böyük bir qardaşım var. Uşaqlıq illərim Bakıda keçib və uşaqlığı mənim kimi bu şəhərdə keçənlər bilir ki, bizim o illərimiz küçədə və məktəbdə keçib. Müxtəlif pioner dərnəklərinə üzv olmuşduq. Hər birimizin başı müxtəlif işlə qarışıq olurdu. Tez-tez Abdulla Şaiq adına uşaq kitabxanasına gedib kitablar oxuyurdum. Elə o illərdə musiqi məni öz ağuşuna aldı. Artıq həyətdə oynamaq mənə maraqlı gəlmirdi. Uşaqlarla çox nadir hallarda futbol oynayırdım. Bu mənada özümü şanslı hesab edirəm. Çünki anam məni doğru istiqamətə yönəldib. Əslində, hər bir uşağın kiçik yaşlarında nəyə marağı olduğuna valideynlər diqqət etməlidir. Kiçik yaşlarda uşağın nə istədiyin, nəyə meyl etdiyi özünü büruzə verir və bunu valideynin duyması çox vacibdir. Valideynlər övladlarını öz istəkləri naminə "şikəst" etməməlidir. Böyüklər övladlarına istiqamət verməli, onların seçdiyi sahə üzrə yaxşı mütəxəssis olmasına dəstək göstərməlidir. 6 yaşımda olanda anam məni musiqi məktəbinə yazdırdı. Buna görə hər zaman anama minnətdaram. Əgər bu gün nəyəsə nail olmuşamsa, buna görə yalnız Allaha və anama minnətdaram".

Bir dəqiqə dayansan, bu, həyat olmaz   1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olan xalq artisti deyir ki, orada oxumaq heç də asan deyildi: "Texnikumda bizə dərs deyən müəllimlər çox tələbkar idi. Çox şey tələb edirdilər deyə, daim öz üzərimizdə çalışırdıq. Texnikumu konsertlə bitirdim. Oranı bitirəndə böyük əsərlər ifa edirdim. Gənclik illərimdə mən piano çalırdım, yaradıcılıqla məşğul idim, müxtəlif müsabiqələrdə iştirak edirdim. 1969-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin estrada orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başladım. Daha sonra oradakı fəaliyyətimi dayandıraraq Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universitetdə oxuduğum dövrdə ansambl rəhbəri idim. Hərdən o illərə qayıdanda fikirləşirəm  ki, bizim dövrümüzdə gənclik illəri daha maraqlı və rəngarəng keçirdi. Bütün günü konsertlərdə, çıxışlarda, müsabiqələrdə olurdum. Hətta o illərdə mənə günün 24 saatı bəs etmirdi. Gənclik elə bir dövrdür ki, insan həmin illərdə daima aktiv şəkildə yaşamalıdır. Bir dəqiqə dayansan, bu, həyat olmaz. Həyatın özü hərəkət deməkdir. Bəxtiyar Vahabzadə deyirdi ki, şam əgər yanmırsa, yaşamır demək. İnsan yaşamalıdır ki, başqalarına yararlı olsun. Bu lazımlılıq məni sənətimdə müəyyən yerə gətirib çıxardı. Təbii ki, buna görə həyatım boyunca dayanmadan öz üzərimdə işləmişəm".

Başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir    Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanana bəstəkar 3 ildən sonra - 1977-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur: "Elə insanam ki, heç vaxt geriyə boylanmağı sevmirəm, daim irəli baxmağa çalışıram. Mənim üçün yenilik daha önəmlidir. Amma indi gənclik illərimə nəzər yetirəndə görürəm ki, istədiyim bir çox şeyi etmişəm, edə bilmədiklərimə isə sadəcə vaxt çatmayıb. Çox vaxt gecələr yatmır, öz yuxuma haram qatırdım ki, öz sahəmdə daha da irəliyə gedə bilim. Həmin illərdə həm işləyir, həm də oxuyurdum. Bir müddət sonra aranjemanla məşğul olmağa başladım. Beləliklə, fərdi yaradıcılığıma qədəm qoydum. Həmin vaxt başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir və mənə lazım olan tək şey məhz budur. Konservatoriyada oxuduğum illərdə çox şey qazandım.

Müəllimlərimdən bir çox yeni şeylər öyrəndim. Orada təhsil aldığım zaman yeni mahnılar yazırdım. Beləliklə, bəstəkarlıq sahəsinə gəlib çıxdım".


Xəbərə aid fotolar