Dünya üzrə "Ən yaxşı nitq" diplomunu alan azərbaycanlı FOTO


Digərləri 16 İyn 2019 19:10:00 215 0

Dünya üzrə "Ən yaxşı nitq" diplomunu alan azərbaycanlı  FOTO

Adil Qafarlı: "Hələ ki danışmağın, fikri düzgün ifadə edə bilməyin ziyanını görməmişəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, gənclər arasında Azərbaycanın ən güclü natiqi seçilib. Deyir ki, hələ uşaqlıqdan bütün problemlərini danışaraq həll edib. Danışmağı ilə seçildiyi üçün məktəb vaxtı da siniflə bağlı bütün məsələlərdə öndə gedib. Bundan sonra tədbirlərdə çıxışları, kütlə qarışısında nitqləri ilə həmyaşıdlarından seçilib. Qarşısına çıxan natiqlik yarışı isə həyatını dəyişib.

Müsahibimiz Londonda dünyanın ən böyük natiqlik yarışmasında "Ən yaxşı nitq" diplomunu qazanan Adil Qafarlıdır.

Adil Bakıda anadan olub. Texniki Humanitar Liseyi fərqlənmə diplomu ilə bitirdikdən sonra Qafqaz Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Mühəndislik ixtisasına qəbul olub. Hazırda Bakı Mühəndislik Universitetində 3-cü kursda təhsil alır və Fairmont oteldə (Alov qüllələri) qrafik dizayner olaraq çalışır.

"Danışmağın ziyanını görməmişəm"

Deyir ki, aktiv fəaliyyətə ilk olaraq könüllülüklə başlayıb. İslam Oyunlarında, Formula 1 yarışlarında və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə fəallığı ilə seçilib: "Dərsdən əlavə özümü inkişaf etdirməyim üçün kifayət qədər vaxtım var idi. Lakin görürdüm ki, vaxtımı boşuna xərcləyirəm. Sonra qərara gəldim ki, könüllü kimi işləyim. Düzdür, çox insan düşünür ki, pulsuz işləmək bizə heç nə qazandırmır. Amma könüllülüyün mənə qazandırdıqlarının qiyməti yoxdur. Hər sahədə bir şey öyrəndim. İstər dil olaraq, istər əlaqələr qurmaq baxımından çox dəyərli təcrübə topladım. Könüllü fəaliyyəti zamanı məndə dəqiqlik yarandı, məsuliyyət hissim formalaşdı. Bu mənə iş həyatımda da kömək oldu".

İT sahəsində təhsil alan həmsöhbətimiz deyir ki, danışa bilmək bacarığı hər sahədə insanın köməyinə gəlir: "Hələ ki danışmağın, fikri düzgün ifadə edə bilməyin ziyanını görməmişəm. Uşaqlıqdan özümü danışan bir şəxs olaraq görürdüm. Məktəbdə belə nə problem olurdusa, danışan mən olurdum. Baxırdım ki, danışmaqla problemlərimi həll edə, qışqırmadan normal şəkildə fikirlərimi çatdıra bilirəm. Sözün dəyəri çoxdur. Fikirlərimi sözlərlə ifadə edə bildiyim üçün danışmağa başladım. İT sahəsinə gəldikdə isə, 2-ci kursdan öz startapımızı yaratdıq və "İdeyadan Biznesə" startap turlarının respublika üzrə qalibi olduq. Bu bizim ilk uğurumuz idi.  Hazırladığımız "Gonex" layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. "Gonex" gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər".

"Azərbaycanın ən yaxşı natiqi"

Adilin yaşının az olmasına baxmayaraq, uğurları kifayət qədərdir. İstər könüllülüklə bağlı fərqləndirilməsi, istər layihəsinin ən yaxşı startap seçilməsi onu həmyaşıdlarından fərqləndirib. Natiqlik yarışması isə onu zirvəyə qaldırıb. Londonda dünya səviyyəsində ölkəmizi təmsil edərək nitqi dünyada "ən yaxşı nitq" olaraq qiymətləndirilib. Yarışmada 54 ölkədən ən yaxşı gənc natiqlər yarışıblar. Adil daha öncə "Azerbaijan Public Speaking Competition" (APSC) yarışmasının qalibi olduğu üçün ölkəmizi təmsil edib. "Azerbaijan Public Speaking Competition: Junior League" layihəsi 10 özəl və dövlət məktəbi, eləcə də 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən beynəlxalq natiqlik yarışmasında iştirak edib. Adil "Lies that tell the truth" (yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü var) başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək "The Best Impromptu Prepared Speech" fərqlənmə diplomuna layiq görülüb.


Xəbərə aid fotolar