Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu


Digərləri 16 İyn 2019 12:54:00 212 0

Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

Qumar bir çoxları kimi onun da həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Söhbət Laçın rayon sakini 41 yaşlı Səbuhi Əliyevdən gedir. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa yüklü məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi insanları aldadıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri -  əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: "Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim".

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: "Taleh mənə hesab kodu verdi. Həmin kodla "bet 365" internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı".