Yüz illərin açılmayan kələfi...


Digərləri 16 İyn 2019 10:22:00 272 0

Yüz illərin açılmayan kələfi...

Modern.az Yusif Vəzir Çəmənzəminli haqda maraqlı yazı ilə çıxış edib. Son.az yazını oxucularına təqdim edir:

Vəzirovlar Şuşada məşhur nəsil olub. Ulu babaları Mirzə Əliməmmədağa İbrahim xan Cavanşirə vəzirlik eləyib, elə nəsil də soyadını burdan götürüb. Şuşalılar bu nəsli həm də ağır seyid kimi tanıyıblar. Ən əsası isə əzəldən elmə, təhsilə hörmətləriylə ad qazanıblar.

Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Mirabdulla oğlu Şuşanın ziyalı, savadlı bəylərindən olub, İranı, Turanı gəzib-dolaşıb. Oğlanlarını Şuşadakı rus məktəbində oxutdurub. Deyirlər, böyük oğlu Əbdülhəsən xüsusi biliyə sahibmiş. Hamı inanırmış  ki, ondan nəsə çıxacaq. Heyf ki, ömrü vədə vermir,  21 yaşında dünyadan köçür. Rəhmətliyin yaxşı kitabxanası varmış. Sahibinin ölümündən sonra  kitabxananın açarını ancaq mərhumun qardaşına - Yusifə  etibar eləyirlər. O da saatlarla kitabxanada oturub oxuyarmış...

Diplomat

Balaca Yusif ilk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbiylə tanınmış molla Mehdinin məktəbində alır.  Sonra atası onu mollaxanadan çıxarır, oğlunun təhsiliylə bir müddət özü məşğul olur. Fars, türk dillərini öyrədir. 1896-cı ildəsə Yusif  imtahan verib Şuşa realnı məktəbinə qəbul olunur.

1906-cı ildə Yusifin atası Məşədi Mirbaba dünyasını dəyişir.  Ailənin bütün yükü 19 yaşlı Yusifin çiyinlərinə düşür. Amma onun yatalaq xəstəliyinə yoluxub yorğan-döşəyə düşməsi  Vəzirovları çox ağır duruma salır. Başsız, köməksiz, pulsuz qalan ailəyə yalnız  qonşuları - Həsənxan, Nifti, Fərəc adlı qardaşlar  kömək eləyir. Onlar   illər öncə Güney Azərbaycanın Çəmənzəmin kəndindən qaçıb Şuşaya gəlmişdilər. O vaxt Məşədi Mirbaba  onlara əl tutub öz həyətində sığınacaq vermişdi. İllər sonra rəhmətlik kişinin yaxşılığı onun ailəsinə qayıtmışdı.  Deyilənə görə, Yusif  "Çəmənzəminli" təxəllüsünü də elə bu qardaşların şərəfinə götürüb.

...Şuşada ermənilərin yerli camaata verdiyi zülmlər, qırğınlar  Vəzirovları doğma yurddan didərgin salır. Ailə Şuşadan Aşqabada köçür.

Fikrət Vəzirov (oğlu):

- Atamsa o vaxt Bakı Realnı Məktəbində təhsil alırmış.  Məktəb indiki Iqtisadiyyat Institutunun binasında yerləşib. Təhsilini bitirəndən sonra atam da bir müddət Aşqabadda yaşayıb. O dövrlər atamın əsərləri Aşqabadda məşhurmuş. Bəzi hekayələri orta məktəb dərsliklərinə salınırmış. 

Gənc Yusif  Bakıda təhsilini  bitirəndən sonra Kiyevdəki İmperator Univerisitetinin hüquq fakültəsində oxuyur.   Kiyevdə yaşadığı dövrdə siyasi mübarizəyə qatılır. "Müsavat"ın  Kiyev şöbəsinə başçılıq edir. Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı səfiri vəzifəsində çalışır.

1919-cu ildəsə Azərbaycanın İstanbulda  səfiri təyin edilir. Sovet hökuməti qurulandan sonra Türkiyədən Fransaya üz tutur.

Paris günləri...  

Fransa onu yaxşı qarşılamır, gözəl həyata qonaq eləmir.  Çörəkpulunu min əziyyət bahasına qazanır. Gah zavodda işləməli olur, gah da yazdığı məqalələrin qonorarına möhtac qalır.  Fikrət Vəzirov:  - Atam Fransada olanda kiçik qardaşı Mirabdulla da onunla yaşayırmış.  Əmim həm diplomatiya fakültəsində oxuyurmuş, həm də işləyirmiş. Hələ dolanışıqları o qədər də pis deyilmiş. Əmim xəstələnəndən sonra acı günlər başlayır. Atam 1921-ci ildə gündəliyində yazır ki, qardaşının müalicəsi üçün Məhəmməd Əmin Rəsulzadəyə,  Əlimərdan bəy Topçubaşova məktub yollayıb. Xahiş eləyib ki, ona  pul sarıdan kömək göstərsinlər. Məhəmməd Əmin Rəsulzadə cəmi 3 dollar  göndərib, Topçubaşovdansa heç bir xəbər-ətər çıxmayıb. Bütün bunlar atamın əsərlərinin üçüncü cildində var.  

Başqalarına yazı yazıb faiz  alırdı

Yusif Vəzir Çəmənzəminli dolanmağın başqa yolunu da tapmışdı. Əsərlərinin birinci cildində ("Bir qaçqının dəftərindən") yazır ki, "Parisdə küçəylə gedirdim, təsədüfən 17 il bundan qabaq bir yerdə oxuduğum Bakı ermənisiylə rastlaşdım. Heç birimizin pulu yoxuydu.  Amma istəyirdik ki, bir yerdə oturub qarındolusu yemək yeyək. Birdən ağlıma yaxşı fikir gəldi. Dedim, burda bir rus mühərriri yaşayır, qaçqınlardandı. Gəl, gedək, ondan pul alaq.  Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alıb öz adına çap elətdirir. Əvəzində qazandığının 25 faizini mənə verir".

Yusif Vəzir Çəmənzəminli çox sonralar - Bakıya qayıdanda da  bu yolla ailəsini dolandırmalı olur.  Oğlu Orxan Vəzirov "Atam Yusif Vəzir Çəmənzəmənli haqqında..." adlı kitabında belə bir xatirə yazıb:  "Atam ailəsini dolandırmaqçün  ədəbiyyat həvəskarlarına evdə dərs deyirdi. Belə həvəskarlardan biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində  (orkestrdə nəfəsli alətdə çalırdı)  çalışan Ağasəf Ağayev idi. Maddi çətinlik çəkdiyimiz üçün atam Ağasəfə müxtəlif hekayələr də yazıb verirdi. O isə həmin hekayələri öz adı ilə qəzet və jurnallarda çap etdirir, qonorarın müəyyən hissəsini  atama verirdi. Atamın Ağasəfə yazdığı hekayələrdən biri də "Al toxmağım, vur toxmağım" idi. Ağasəf bu hekayəni 1937-ci ildə öz adından "Pioner" jurnalında çap etdirmişdi".

Çəkdiyi rəsmsə Şmerlinqin adıyla çap olunub

Çəmənzəminli yazıçılıq həvəsinə "Molla Nəsrəddin" jurnalının birinci sayını görəndən sonra düşüb. Bunu özü elə o vaxtlar etiraf eləyib. 

"Bir gün məni ilk və son dəfə yoluxmağa gələn əmim Haşımbəy Vəzirov  yenicə nəşrə başlayan "Molla Nəsrəddin" məcmuəsinin ilk nömrəsini  gətirmişdi.  "Molla Nəsrəddin" məndə yazıçılıq həvəsi yaratdı". ("Molla Nəsrəddin", 24-cü say, 1906.)

Sonralar nasir kimi tanınan Çəmənzəminli jurnala ilk  töhfəsini  rəssam kimi göndərir. "Onda hələ rəsmə həvəsim də çox idi. Bir-neçə karikatura göndərdim. Müzəffər şahın Avropa xəritəsi qarşısında durub "Ah, Avropa, görəsən, səni bir də nə vaxt görəcəyəm?-deyən karikaturanı da mən göndərmişdim". ("Molla Nəsrəddin", 24-cü say, 1906)

Həmin rəsm tezliklə məcmuədə çap olunur. Amma müəllifin adıyla yox, jurnalın rəssamı Şmerlinqin imzasıyla. Bu, Çəmənzəminlinin ovqatını korlayır. "Karikaturanın Şmerlinqin imzası ilə çıxması bir az məni dilgir etdi. Buna baxmayaraq, Şuşada erməni-türk davasını körüklədən çar generalı Qoloşapova da bir karikatura çəkdim. Bu da senzura qurbanı oldu". (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, səh:110)

Amma rəssamlığa "Molla Nəsrəddin"dən başlamayıb. Hələ 1904-cü ildə əmisi oğlu Mirhəsən Vəzirovla Şuşa realnı məktəbində "Fokisnik" adlı ədəbi məcmuə buraxırlar. Həmin məcmuədə cəsarətli məqalələr, karikaturalar çap olunurmuş. Məqalələri Mirhəsən yazırmış, Cəmənzəminlisə rəssamlıq eləyirmiş. Musəvi, Çəmənzəminli, Olyus-bunlar da rəssamın təxəllüsləriymiş.  Fikrət Vəzirovun gümanınca, Olyus təxəllüsü Olqa, Yusif adlarından yaranıb.  Demə, Çəmənzəminli o vaxtlar Olqa adlı rus qızını sevirmiş. Bu imza da onun şərəfinə "doğulub".

İndi onun rəsm əsərləri Nizami adına Ədəbiyyat Muzeyində, Salman Mümtaz adına Ədəbiyyat İnstitutunda saxlanılır.  Zərdabinin, Turgenevin, Arximedin portretləri, ata-anasının birgə şəkilləri, müxtəlif  karikaturalar... Bir də Şuşanın min dərdə dərman gül-çiçəkləri... 

40 yaşında evlənib

1925-ci ildə kiçik qardaş Mirabdulla dünyasını dəyişir. Onun ölümündən bir il sonra Yusif Vəzir Çəmənzəminli Fransadan Bakıya qayıdır. 1927-ci ildə Bilqeyis adlı xanımla ailə qurur. Tanışlıqlarının maraqlı tarixçəsi var: