"Çernobıl" serialında nə doğrudur, nə yanlış? serialda adı çəkilən şəxs danışır


Digərləri 15 İyn 2019 19:38:00 459 0

"Çernobıl" serialında nə doğrudur, nə yanlış?  serialda adı çəkilən şəxs danışır

Üç "likvidator-təsviyəçinin" - Ananenko, Bespalov və Baranovun ÇAES-in 4-cü reaktorunun altındakı radioaktiv suya girməsi səhnəsi "Çernobıl" serialının ən parlaq səhnələrindən biridir.

Filmdəki qədər dramatik olmasa da, 1986-cı ilin mayında həqiqətən belə bir əməliyyat keçirilib.

BBC News Ukrayna həmin əməliyyatın canlı iştirakçısı - reaktor sexinin keçmiş böyük mühəndis-mexaniki Aleksey Ananenkoyla görüşüb.

O, reaktorun altındakı su basmış dəhlizə düşmək üçün necə hazırlaşmaları, qaranlıqda necə hərəkət etmələri və tapşırığı yerinə yetirdikdən sonra alqış sədaları altında araq içib-içməmələri haqqında danışıb.

"Təsviyəçilər"

Serialda Valeri Leqasov vacib missiyanı yerinə yetirəcək "üç nəfəri öldürmək" üçün Qorbaçovdan icazə istəyir.

"Çernobıl" serialının ikinci epizodunda ÇAES-dəki qəzanı ləğv etmək üçün yaradılmış komissiyanın üzvü Valeri Leqasov SSRİ-nin lideri Mixail Qorbaçova stansiyada növbəti partlayış təhlükəsi haqqında xəbər verir.

O deyir ki, partlamış reaktordakı "lava" beton fundamenti dağıdaraq reaktorun altındakı su hovuzuna doğru hərəkət edir, gedib çatsa, bütün stansiyanı dağıdacaq və Avropanın yarısına radioaktiv tullantılar səpələnəcək, Ukrayna və Belorusda isə 100 il yaşayış olmayacaq.

"Obyekti yaxşı tanıyan üç nəfər tapıb onları zirzəmiyə göndərmək lazımdır ki, boru kəmərləri vasitəsilə keçid kilidinə yaxınlaşıb bakların boşalmasını təmin etsinlər" - Leqasov belə deyir.

Amma reaktorun altındakı güclü radiasiyaya görə bu iş faktiki olaraq ölüm riski daşıyırdı.

"Biz sizdən üç nəfəri öldürmək üçün icazə istəyirik" - Leqasov belə deyir və Sov.İKP-nin Baş Katibinin razılığını alır.

Bunun ardınca serialda üç könüllünün axtarışı və onların reaktorun altındakı dəhlizə səyahəti başlayır.

"Könüllülər"

Aleksey Ananenko serialda

59 yaşlı Aleksey Ananenko Leqasov və komissiya sədri Şerbinovun ÇAES-in kollektiviylə görüşüb reaktorun yanına gedəcək adam axtarması epizoduna baxıb deyir ki, o, belə bir görüşdə iştirak etməyib.

Baş verənləri xatırlamaq Aleksey Mixayloviç üçün ağırdır.

2017-ci ildə onu maşın vurub, bir müddət komada olub, bu hadisədən sonra o, nisbətən çətin danışır.

1980-ci illərdə Ananenko belə görünürdü, amma qəza zamanı bığını qırxmışdı - radioaktiv toz yığılmasın və yuyunmaq asan olsun deyə.

Amma Ananenko ümumi mənzərəni təsvir edə bilir - həmin gün növbədəymiş, zəng vurub ona tapşırıq veriblər.

"Bu bizim işimiziydi" - Ananenko əlavə edir.

"Könüllülər" ideyasını serial müəllifləri, böyük ehtimal, o dövrün "Trud" qəzetindən götürüblər.

16 may 1986-cı ildə həmin qəzetdə "Çernobıl: cəsarətin ünvanı" adlı məqalə dərc olunub, orda əməliyyat hazırlıqları barədə belə yazılıb: "Onlar özləri istədilər: Çernobıl AES-in növbə rəhbəri B. Baranov, turbin sexinin böyük mühəndisi V. Bespalov və reaktor sexinin böyük mühəndis-mexaniki A.Ananenko".

Sonra bu abzas digər sovet qəzetlərinin məqalələrində yer alır.

Sovet qəzetlərinin birindəki bu məqalə "Trud" qəzetindəki məqaləyə əsasən hazırlanıb. Aleksey Ananenko xatirələrində şikayətlənir ki, jurnalistlər onun danışdıqlarını olduğu kimi qələmə almayıblar. Məsələn, götürüb yazıblar ki, guya respiratorlar "dalğıcların" danışmasına mane olurmuş. Aleksey hətta qəzetə təkzib də yazmaq istəyib, amma sonra fikrindən daşınıb.

Əslində, tapşırığı dövlət komissiyası müəyyənləşdirib - o vaxt reaktordakı "lavanın" suyla təmasının böyük fəlakətə səbəb olacağı deyimişdi (Yeri gəlmişkən, bu hipotezin müəlliflərindən biri belaruslu akademik Vasiliy Nesterenko olub, serialdakı ümumiləşdirici Ulyana Xomyuk obrazının prototipi).

Bunun baş verməməsi üçün reaktorun altındakı rezervuara (su hovuzuna) yığılmış suyu buraxmaq lazımıydı.

Bunun üçünsə stansiyanın altında 3 metr dərinlikdəki tunelin klapanları açılmalıydı.

Tunellər suyla dolmuşdu, yanğınsöndürənlər suyu çəkib çıxarmağa çalışırdılar.

Müəyyən miqdar su boşaldılandan sonra ora enmək qərarı verilir və bu işi həmin gün növbədə olan Ananenko və həmkarları reallaşdırır.

Reaktorun altına məhz Aleksey düşür, çünki o, klapanların harda olduğunu bilirdi - naşı adam qaranlıq dəhlizdəki boru və armaturların arasında onları çətin tapardı.

Su rezervuarları reaktorun tam altında yerləşir (Beynəlxalq Məsləhət Qrupunun hesabatındakı sxemdə onlar "qəzanın lokallaşdırılması sisteminin kondensatorları" kimi qeyd edilib). "Çernobıl dalğıcları" yaxın dəhlizlərin birindəki klapanları açmış və bu, suyun həmin hovuzlardan boşalmasına şərait yaratmışdı.

Aleksey Ananenkoya böyük mühəndis Valeri Bespalov kömək edəcəkdi, əməliyyata isə növbə rəhbəri Boris Baranov nəzarət edirdi.

Ananenko o günkü əməliyyata görə onlara pul mükafatı verildiyini rədd edir (serialda 400 rubl puldan və rütbə artımından söhbət gedir).

Eniş

Tuneldəki suyun radioaktiv çirklənmə səviyyəsini heç kim bilmirdi

Bir neçə il bundan əvvəl Aleksey Ananenko reaktorun altına enməsi prosesini ətraflı təsvir etmiş və məqaləni BBC News Ukraynaya da təqdim etmişdi (Həmin mətn "Soyuz Çernobyl Ukrayna" saytında da dərc edilib).

Aleksey Ananenkonun xatirələrindən

"Əsas problem bundaydı - 4QT-21 və 4QT-22 nömrəli klapanları açmaq üçün 001 nömrəli dəhlizə düşmək lazımıydı, həmin dəhliz isə yuxarıdan axıb gələn radioaktiv suyla dolmuşdu.

Suda şüalanmaq riski vardı, çünki dəhlizin o biri başında şüalanma səviyyəsinin nə qədər olduğunu heç kim bilmirdi və buna görə də onun dozasını proqnozlaşdırmaq mümkün deyildi".

BBC News Ukraynaya müsahibəsi zamanı Aleksey Ananenko xatırlayır ki, məhz buna görə onlara hidrokostyum verilməsini istəyib - sudakı radiasiyadan heç olmasa, bu şəkildə müdafiə olunmaq üçün.

Serilada Ananenko, Baranov və Bespalov reaktorun altına akvalanqla enirlər, realda isə onların əynində respirtorlu hidrokostyumlar olub.

Amma filmdəkindən fərqli olaraq üzləri açıq olub - "Çernobıl dalğıcları" sadəcə "Lepestok" respiratorları taxıblar.

nDalğıcların üzünü maska yox, sadəcə respirator qoruyurdu.

Serialda daha bir doğru olmayan məqam - belə respiratorlar danışmağa əngəl törətmir ("Dalğıclar" arasında kommunikasiya probleminin olduğu "Trud" qəzetinin yaydığı miflərdən biridir).