Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib


Digərləri 15 İyn 2019 12:53:00 236 0

Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirib, əhəmiyyətli addımlar atıb.

Bakı. İlhamə İsabalayeva - Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirib, əhəmiyyətli addımlar atıb. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu önəmli addımlar özünü ilk növbədə onda göstərdi ki, Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq praktikasına son qoyuldu. dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir. M.Qurbanlı deyib ki, 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu: “Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar edilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi”.