Aİİ-də “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans təşkil olunub (FOTO)


Digərləri 14 İyn 2019 23:11:00 177 0

Aİİ-də “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans təşkil olunub (FOTO)

Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans keçirilib.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans keçirilib. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, öncə konfrans iştirakçıları İnstitutun kitabxanasında Aİİ və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkil etdikləri ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən və müxtəlif tarixi mövzularda kitablardan ibarət sərgi ilə tanış olublar. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 300 adda 2 000 kitabı İnstitunun kitabxanasına hədiyyə edib. Konfransda Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, DQİDK sədri Mübariz Qurbanlı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Aİİ rektoru Ceyhun Məmmədov və digər məsul şəxslər iştirak ediblər. Aİİ rektoru Ceyhun Məmmədov çıxış nitqi ilə elmi konfrans iştirakçılarını salamlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında tarixi xidmətlərindən bəhs edib. Rektor C.Məmmədov Ümummilli Lider, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğulayıb. Aİİ rəhbəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rektor bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü AZƏRBAYCANÇILIQ ideologiyası həyat tərzimizdə, əxlaqımızda, mənəviyyatımızda, dilimizdə, dinimizdə, ədəbiyyatımızda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır. Rektor qeyd edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri də misilsizdir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 İyun - Qurtuluş Gününü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə, Azərbaycan tarixində müstəsna yer tutan günlərdən biri kimi xarakterizə edib. Mübariz Qurbanlı bildirib: “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”.