"RAND" korporasiyasının proqnozları:


Siyasət 14 İyn 2019 18:44:00 213 0

"RAND" korporasiyasının proqnozları:

Amerikanın "RAND" analitik mərkəzi yeni hesabat təqdim edib. Orada Rusiyaya qarşı ABŞ-ın atmalı olduğu addımlar geniş şəkildə analiz edilib. Hesabat müəllifləri hazırlıqlı və yüksək səviyyəli mütəxəssislərdir. Bu səbəbdən həmin sənədə maraq çox olub. Rusiyalı mütəxəssislər də hesabatda irəli sürülən təklifləri təhlil edirlər. Dörd blok arasında geosiyasi hissə daha çox diqqəti çəkir. Orada Cənubi Qafqazla da bağlı tezis vardır. Belə görünür ki, Amerika tərəfi Cənubi Qafqaz ölkələrini də Rusiya ilə münasibətlərin aydınlaşdırılması prosesinə qarışdırmağa çalışır. Bu məqamı da nəzər almaqla "RAND" korporasiyasının hesabatının geosiyasi çalarlarının təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Qarşıdurma ssenariləri: "beyin mərkəzi" kimin planlarından bəhs edir?

ABŞ-da çoxlu sayda "beyin mərkəzləri"nin fəaliyyət göstərdiyi məlumdur. Onların sırasında Müdafiə Nazirliyi (Pentaqon) və kəşfiyyatla əlaqəsi olanlar xüsusi yer tuturlar. Konkret olaraq, həmin "beyin mərkəzləri"nin təhlil və proqnozlarına Amerika dərin dövlətinin planları kontekstində nəzər salınır. "RAND" o cür "beyin mərkəzləri"ndən biri imicinə malikdir. Həmin mərkəz bu ilin may ayında dünya analitik və ekspert dairələrini maraqlandıran bir hesabat təqdim edib. Onun hazırlanmasında keçmiş diplomat Ceyms Dobbins, üç universitetin professoru, ixtisaslı hərbi kəşfiyyatçı Rafael Koen və "RAND"-ın yeddi elmi tədqiqatçısı iştirak ediblər. Həmin tədqiqatçılar beynəlxalq münasibətlər, hərbi sənaye, kəşfiyyat, siyasi və texniki elmlər üzrə ixtisaslaşıblar.

Göründüyü kimi, məsələ ilə məşğul olanlar kifayət qədər təcrübəli və hazırlıqlı insanlardır. Onların hazırladıqları hesabat "Çox böyük və balanslaşmamış Rusiya. Bədxərclik variantlarının təsirinin qiymətləndirilməsi") adlanır (bax: Overextending and Unbalancing Russia. Assessing the Impact of Cost-Imposing Options / RAND Corporation, may 2019).

Mətnin məzmunundan aydın olur ki, burada əsas məqsəd Rusiyanı diz çökdürməkdən ibarətdir. Bunun üçün "RAND" xüsusi strategiya təklif edir. Həmin strategiya Rusiyaya təzyiqlər üzərində qurulur. Rusiyaya təzyiq üsulları dörd blokda cəmləşdirilir.

Birinci bloku iqtisadi faktorlar təşkil edir. Onun əsas məğzi ABŞ-da enerji daşıyıcılarının istehsalı və ixracını əhəmiyyətli dərəcədə artırmaqla dünya qiymətlərinə təsir edərək Rusiyanın gəlirlərini azaltmaqdan ibarətdir. Bu, sanksiyaların gücləndirilməsi və yeni-yeni ölkələrin bu prosesə cəlb edilməsi fonunda baş verməlidir. Avropa üçün isə yeni enerji təminatçıları tapılmalıdır. O cümlədən sıxılmış təbii qaz mənbələri olmalıdır. Daha düşündürücüsü odur ki, "RAND" yüksək təhsilli rusiyalıların ölkədən çıxması prosesinə yeni təkan verilməsini də məsləhət bilir.

"Beyin mərkəzi"nin təklif etdiyi iqtisadi təzyiqlər ümumi halda onu göstərir ki, Qərb Rusiyanı həm təbii resurslarını geniş ixrac etmək imkanlarından məhrum etməyi, həm də onu əvəz edə biləcək qaynaqların dəqiqləşdirilməsini vacib hesab edir. Bunlarla yanaşı, Rusiyanı kreativlik imkanlarından məhrum etməyə çalışılır. Gənclərin xaricə axını bu prosesdə ciddi rol oynamalıdır. Bunun üçün istedadlı alimlərə yüksək maaş vəd edilir.

İkinci bloku geosiyasi aspekt təşkil edir. Onun isə altı ssenarisindən bəhs edilir. Onlardan birincisi Ukraynaya silah verməklə bağlıdır. Bununla Rusiyanı süründürməçi bir prosesə atmaq imkanı yaranır. Lakin genişmiqyaslı müharibənin alovlanmasının qarşısı alınmalıdır. Çünki o halda Rusiyanın qalib gəlmək şansı çoxdur. Digər ssenari Suriyada müəyyən radikal qruplara dəstək verməklə bağlıdır. Bu, Rusiyadan başqa böyük dövlətləri də əhatə edə bilər. O cümlədən həmin taktika İran və Türkiyəyə qarşı da istifadə oluna bilər. Nəticəsi isə bütün regionun daha dərin qeyri-sabitliyə yuvarlanması ola bilər.

Üçüncü geosiyasi ssenari Belarusun liberallaşmasına yardım etməklə bağlıdır. Rusiyalı ekspertlər bunu mahiyyətcə "rəngli inqilab"ın hazırlanması kimi qiymətləndirirlər. Bunun fonunda Kremlin Minskə qarşı siyasətini dəyişməsinin lazım gəldiyini vurğulayırlar. Çünki indiyə qədər Moskva Belarusa kiçik biznes tərəfdaşı kimi yanaşıb. Kreml Belarusu qardaş kimi qəbul etməli və bu əsasda ittifaq dövləti qurmalıdır.

Cənubi Qafqaz: Vaşinqton-Moskva xəttinin gərginliyi fonunda

Dördüncü ssenaridə Amerikanın Cənubi Qafqazda əlaqələrinin genişlənməsinin lazımlığı vurğulanır. Özü də "RAND" bunu Rusiya ilə həmin regionda yerləşən dövlətlərin iqtisadi rəqabəti kontekstində təqdim etməyə çalışır. Rusiyalı mütəxəssislər bu məqamı Amerikanın Cənubi Qafqaz dövlətlərini özünə tərəf çəkmək cəhdi kimi qiymətləndirməyə çalışırlar. O cümlədən Azərbaycanın da Qərbə meyl edə biləcəyindən bəhs edirlər. Məsələn, Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski hesab edir ki, "RAND"-ın məruzəsində Ermənistan-Azərbaycan münasibətlərinə ayrıca diqqət yetirilməsi bu ölkələrin Qərbə meylləndirilməsinin əlaməti ola bilər (bax: Через Украину и Сирию: США собираются дестабилизировать Россию / Gazeta.ru, 29 may 2019).

Əlbəttə, "RAND"-ın mütəxəssisləri xüsusi məqsəd güdə bilərlər. Ola bilsin ki, Vaşinqtonun da müəyyən planları mövcuddur. Ancaq Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün fəal çalışır və bu prosesdə Rusiya ona rəqib deyil. Əksinə, iki ölkə arasında əlaqələr getdikcə daha da güclənir. Eyni zamanda, Azərbaycan müstəqil xarici siyasət yeridir və onun hansı tərəfəsə meyllənməsindən söhbət gedə bilməz. Çünki Azərbaycan hər addımında milli maraqları, dövlətçilik mənafelərini üstün tutur. Bu barədə Prezident İlham Əliyev dəfələrlə konkret fikir ifadə edib.

Beşinci və altıncı ssenarilər uyğun olaraq Mərkəzi Asiyadan və Moldovadan Rusiyanın sıxışdırılması ilə bağlıdır. Burada da ənənəvi təzyiq üsullarından istifadədən bəhs edilir.

Üçüncü bloku ideoloji və informasiya xarakterli tədbirlər təşkil edir. Bu, daha maraqlı və düşündürücüdür. "RAND"-ın mütəxəssisləri Rusiya cəmiyyətində fikir ayrılıqlarını gücləndirməyi hədəfləməyi məsləhət bilirlər. Şübhə yoxdur ki, demokratiya və liberalizm adı altında digər müstəqil dövlətlərdə də eyni məntiqlə hərəkət edilir. Süni olaraq fərqlər yaradılır, sonra onlar şişirdilir, bununla da hakimiyyətin qeyri-legitimliyi təəssüratı yaradılır. Sonrası isə... məlumdur - "rəngli inqilab". Konkret olaraq hesabatda seçki sisteminə etibarsızlıq, siyasi elitanın cəmiyyətin maraqlarına xidmət etmədiyi fikrini formalaşdırmaq, etirazlara və zorakı olmayan müqavimətə təhrik etmək, Rusiyanın xaricdə imicini korlamaq kimi müddəalar yer alıb.

Dördüncü blok hərbi tədbirlərlə bağlıdır. Buraya yeni silahların yaradılması, onların Rusiyaya yaxın ərazilərdə yerləşdirilməsi və Avropada NATO əsgərlərinin sayının artırılması kimi addımlar daxildir. "RAND" Vaşinqtona yeni kiçikmənzilli raketlər istehsal etməyi, Baltikdən tutmuş Qara dənizə qədər ərazidə ABŞ-ın hərbi iştirakını daha da artırmağı, bütün Avropa və Asiyada ABŞ-ın və onun müttəfiqlərinin hərbi imkanlarını genişləndirməyi və s təklif edir.

Beləliklə, "RAND" kifayət qədər sərt və geniş şəkildə Rusiyaya qarşı Amerikanın fəaliyyətə başlamasını təklif edir. Burada demək olar ki, müasir dövrdə əhəmiyyət kəsb edən bütün təsir vasitələrinin səfərbər edilməsi nəzərdə tutulur. Belə təəssürat yaranır ki, ABŞ-da qlobal geosiyasi vəziyyəti daha yüksək səviyyədə qarşıdurmaya sürükləyə biləcək qüvvələr fəallaşırlar. Onlar Amerikanın liderliyini təmin etmək üçün hər bir üsula əl atırlar. "RAND"-ın Rusiya ilə bağlı təklif etdiyi bloklar avtomatik olaraq bütün dünya miqyasında böyük güclərin qarşıdurmasını gücləndirmək anlamına gəlir. Çünki Moskva da sakit dayana bilməz - əks-tədbirlər görməlidir. Artıq bu barədə rusiyalı mütəxəssislər açıq danışırlar.

Belə bir qarşıdurmada hər kəs itirir. Daha çox isə böyük güclərin maraq dairəsinə düşən dövlətlər və xalqlar itirir. O cümlədən Cənubi Qafqazda çox fəlakətli vəziyyət yarana bilər. Ermənistan artıq Qərbin demokratiya tələsinə düşdüyündən, Gürcüstanda isə Amerikanın təsiri güclü olduğundan burada ümumi mənzərə risklərlə dolu kimi görünür. Əgər "RAND" kimi bir "beyin mərkəzi" də açıq addımlardan bəhs edirsə, Cənubi Qafqaz da daxil olmaqla, geniş bir geosiyasi məkanı nələrin gözləyə biləcəyini təsəvvür etmək olar. Hər halda, ürəkaçan bir mənzərə deyil!

Newtimes.az