Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verdi, müstəntiq cəzalandırıldı


Digərləri 14 İyn 2019 17:41:24 230 0

Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verdi, müstəntiq cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəkülli miqdarda oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəhla Hümbətova vəsatət verərək məhkəmə istintaqının yenilənməsini istəyib. Vəkil bildirib ki, ittiham əsassızdır və mahiyyəti aydın deyil, dövlət ittihamçısı çıxışında ittihamı sübutlarla əsaslandırmayıb: "Təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməsi barədə ittiham verilsə də, onun cinayətdə rolunun nədən ibarət olması məlum deyil. F.Yusubun adı yalnız bir yerdə çəkilir ki, G.Şəkinskayanın ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı prosesdə yaxından iştirak edib, yəni xaricdə olsa da, mütəmadi olaraq, internet vasitəsilə ona məsləhətlər verib. Amma iş materiallarında isə bununla bağlı heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı müəyyən olunmayıb. Dövlət ittihamçısı çıxışında bildirib ki, F.Yusubun ittihamı şahid ifadələri ilə sübuta yetirilib. İş üzrə dindirilən şahidlər isə ifadələrində F.Yusubu, ümumiyyətlə, tanımadıqlarını bildiriblər". Vəkil əlavə edib ki, zərərçəkmiş şəxsin ibtidai istintaqa ifadələrində kifayət qədər ziddiyyətli məqamlar var və onun məhkəmədə dindirilməsi təmin edilməyib. "Buna görə də onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz". Ş.Hümbətova ittihamın sübuta yetirilmədiyini deyərək ona bəraət verilməsini istəyib. F.Yusub da vəkilinin çıxışını dəstəkləyib. Hakim müşavirədən sonra məhkəmə istintaqının yenilənməsi barədə vəsatəti təmin etməyib və hökmü elan edib. Hökmə əsasən, F.Yusubun barəsindəki ittiham sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Həmçinin məhkəmə prosessual pozuntuya yol verdiyinə görə cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarıb. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında F.Yusubun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.