Narkotiklə tutulmuş jurnalistin yalançı şahidi evindən qaçdı


Dünya 14 İyn 2019 15:14:00 301 0

Narkotiklə tutulmuş jurnalistin yalançı şahidi evindən qaçdı

Rusiyada araşdırmaçı jurnalist İvan Qolunovun səs-küylü işi başa çatsa da, onun narkotiklərin yayılması ittihamı ilə saxlanılmasında iştirak edənlərin həyatı macəralarla "zənginləşib".

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistin saxta ittihamla saxlanıldığı an şahidlik etmiş şəxslərdən biri - Aleksey adlı Moskva sakini evindən qaçaraq, polis şöbəsində gizlənib. Alekseyin sözlərinə görə, naməlum şəxslər evinin qapısına gələrək, onu axtarıblar.

Mənbə bildirir ki, dörd naməlum şəxs Alekseyin yaşadığı mənzilə gələrək, bir neçə dəqiqə ərzində qapını döyüblər. Qapının açılmadığını görüb, qonşuya müraciət ediblər. Bu zaman onlar qonşulara ciblərindən çıxardıqları vəsiqələri göstəriblər, lakin özlərini təqdim etməyiblər. Onları yalnız bir şey maraqlandırırmış - Aleksey haradadır.

Cavab ala bilməyən naməlum şəxslər çıxıb gedəndən sonra Aleksey polisə zəng vurub. Polis əməkdaşları onu yaxınlıqdakı şöbəyə aparıblar. Hüquq-mühafizə orqanının işçilərinə izahat verdiyi vaxt qohumları zəng edərək Alekseyə bildiriblər ki, həmin adamlar geri qayıdıb və binanın qarşısında durublar.

Aleksey polisdən kömək istəyib və evə qayıtmağa qorxduğunu deyib.

Yeri gəlmişkən, İvan Qolunovun iki yalançı şahidi olub. İkinci şahidin taleyindən hələlik məlumat yoxdur.