SOCAR və "Equinor" "Qarabağ" yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır


Digərləri 14 İyn 2019 15:00:00 274 0

SOCAR və "Equinor" "Qarabağ" yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır

Rövnəq Abdullayev "Equinor ASA" şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və "Equinor-Azərbaycan" şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.

Bakı. Bu gün 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "SOCAR Tower"də Norveçin "Equinor ASA" şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və Equinor-Azərbaycan şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, görüşdə SOCAR və "Equinor" şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə olunub. "Equinor" şirkətinin nümayəndələri “Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC (Caspian Drilling Company) şirkətinin iştirakını yüksək qiymətləndirmiş, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir ediblər. SOCAR və "Equinor" arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub. Qeyd edilib ki, gələn ay “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.