Agentlik sədri: Əqli mülkiyyətə aid 8 qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir (FOTO)


Digərləri 14 İyn 2019 12:59:00 184 0

Agentlik sədri: Əqli mülkiyyətə aid 8 qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir (FOTO)

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib.

Bakı. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov sabah - 15 İyun - Milli Qurtuluş günü, ulu öndərin hakimiyyətə qayıdışı günü olduğunu qeyd edib və Azərbaycanın bugünkü gününün, onun reallıqlarının həmin Qurtuluşa arxalandığını, o cümlədən ümummilli liderimizin istər müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı, istərsə də müasir məhkəmə-hüquq sistemimizin banisi olduğunu bildirib. O qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Biz – ulu öndərin müasirləri onun uzaqgörənliyinin izlərini, gələcəyimizə yol açan fikir və düşüncələrini bugünkü cəmiyyətimizin ictimai rəy və varidatına, Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısının irsinin ən dəyərli əqli mülkiyyətə çevrilməsini görürük və ölkəmizdə həyatın sürətlə dəyişməsinin şahidiyik. Bunun başında innovativ, yeniliklərlə və islahatlarla zəngin və insanlara xidmət edən dövlət siyasəti durur. Bunlar cənab Prezident İlham Əliyevin kreativliklə həyata keçirdiyi ulu öndərin varislik yoludur. Agentliyin rəhbəri konfransın mövzusunun aktuallığını vurğulayaraq onun bir tərəfdən dövlət başçısı cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət sahəsində apardığı islahatlara xidmət etdiyini bildirib. O, Dünya Bankının "Doing Business - 2019" hesabatında Azərbaycannın 25-ci yeri tutaraq 10 ən islahatçı dövlətlər sırasında olduğunu, “Davos İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycanın “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə 36-cı yerdə qərarlaşdığını və MDB ölkələri arasında lider olduğunu, institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi (bilik sahəsi bir “örtük” altında) fəaliyyəti MDB məkanında nümunəvi qəbul edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əqli mülkiyyətə aid səkkiz qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir, ölkəmiz sahə üzrə əksər beynəlxalq konvensiyalara qoşulub, əqli mülkiyyət sahəsi prioritet istiqamət kimi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına daxil edilib. Yeni baxış mövqeyindən diqqətin vacib və zamana uyğun olan əsas məqsədə – hüquqların təminatı (enforcement) məsələsinə yönəltməyin əhəmiyyətini qeyd edən K.İmanov Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla "Hüquq məsləhətxanası”nın fəaliyyət göstərməsi, il ərzində müəlliflər, digər hüquq sahibləri və sahibkarların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğularına baxılması, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilməsi haqqında məlumat verib. O, 2018-ci ildə Agentliyin nümayəndələrinin əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak etdiyini, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlandığını, maarifləndirmə tədbirlərinin keçirildiyini, 2019-cu ildə isə 26 iş üzrə (23 – sənaye mülkiyyəti, 3 – müəllif hüququ) müxtəlif məhkəmə instansiyalarında 60-dan çox məhkəmə iclaslarında Agentliyin hüquqşünaslarının iştirak etdiyini və hər bir iş üzrə ekspert rəylərinin hazırlandığı bildirib. Son zaman müəllif-hüquq pozuntusu ilə bağlı Agentliyə edilən müraciətlərə toxunan K.İmanov struktur islahatları çərçivəsində Agentlikdə Apellyasiya şurasının yaradıldığını, 2018-ci ildə Apellyasiya şurasına sənaye mülkiyyətinə aid 132 ərizə daxil olduğunu, onlardan 70-nin tam və ya qismən təmin edildiyini, 20-nin rədd ediliyini, 11-nin baxılmamış saxlanıldığını (geri götürüldüyünü), 31-nin isə baxılmasının təxirə salındığını nəzərə çatdırıb. Agentliyin rəhbəri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının «Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi» bölməsindəki «Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir» bəndini xüsusi xatırladaraq “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Antipirat qanununun) məhkəmə təcrübəsində zəif işləməsini və məhkəmələrdə əqli mülkiyyət nümayəndələrinin iştirakı ilə keçirilən iclaslarında mövcud olan problemləri vurğulayıb. K.İmanov baxılan mülki işlərin təhlilini apararaq bildirib ki, “birincisi, bəllidir ki, ƏMH-nın müdafiəsi daha çox xüsusi hüquq çərçivəsində təşkil olunur, yəni hüquq sahibi tərəfindən, onun iradəsi əsasında irəli sürülür və bu sahədə tam mənada xüsusi hüququn əsas prinsipi – dəymiş zərərin tam ödənilməsi prinsipi işləyir. Lakin ƏM-i yalnız xüsusi hüquqa aid etmək yanlış olardı və buna əsasən xüsusi hüququn tətbiqi məhkəmə və hakimlərin işidir (dövlət bu məsələyə qarışmır), nəticə çıxartmaq da düzgün olmazdı. Əksinə, bir çox hallarda xüsusi hüquq üsullarını əvəz etmədən, lakin onlara əlavə olan kütləvi, publik-hüquq üsullarının tətbiqi əhəmiyyətli dərəcədə vacibdir. Bir sözlə, cinayət və inzibati hüququn normaları ƏM sahəsinin müdafiəsi üçün əhəmiyyətlidir və bu tezisi yüksək səviyyədə əqli mülkiyyətin qorunmasını təmin edən bir çox ölkələrin təcrübəsi təsdiqləyir. Bu normalar təbii olaraq, Azərbaycan qanunvericiliyində də mövcuddur, lakin bir neçə misal istisna olmaqla, zəif işləyirlər, hüquqtətbiqetmədə problemlər var. Hüquqlar yalnız o zaman «real» tamdəyərli olur, əgər onların arxasında dövlətin məcburetmə aparatı durmaqdadır, özü də belə müdafiənin etibarlığı, məşhur Rudolf İerinqin sözlərinə əsasən, hüququn ədalət səviyyəsi olduğu qədər yüksək dəyərlidir. Misal üçün, müvafiq Məcəllələrdə qeyd edilib ki, hüquqpozmalar müəyyən edildikdə sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və müəllif-hüquq sahəsində fəaliyyəti dayandırılmış Müəllif Hüquqları Agentliyi tərəfindən protokollaşdırılır və cəza sanksiyalarının tətbiqi üçün məhkəmələrə yönəldilir (hazırda bu səlahiyyətləri məhkəmələr yeni yaradılmış Əqli Mülkiyyət Agentliyinin tərtib edilmiş protokolları əsasında həyata keçirməlidir). Lakin məhkəmələr tərəfindən adekvat cavab görülmür, inzibati hüquq işlərinə adətən xitam verilir. İkincisi, məlumdur ki, «ex parte» - müvəqqəti tədbirlər, yəni hüquqpozmanın mahiyyətcə baxılmasından öncə, sübutların qorunub saxlanması üçün xüsusən müəllif-hüquq sahəsində vacib əhəmiyyət kəsb edir və piratçılığa qarşı mübarizədə alətlərdən biridir. Lakin bu mexanizm zəif tətbiq olunur. Üçüncüsü, qeyd edilməlidir ki, hüquqi mühafizə bir çox hallarda münaqişənin düzgün, səlis və operativ həllindən asılıdır. Hal-hazırda ümumi yurisdiksiyalı məhkəmələrdə iddiaların sayı artmaqdadır, lakin onların baxılması dövrü aylarla, birinci instansiya məhkəmələrində düzgün həll edilməməsi ilə bağlı hətta illərlə ölçülür. Odur ki, hakimlərin ixtisaslaşması zəruridir. Dördüncüsü, “Antipirat qanununun” tələbi olan – məhkəmə qərarlarının dərc olunması zəif yerinə yetirilir, halbuki bunun əhəmiyyətli dərəcədə maarifçi-informasiya potensialı vardır”. K.İmanov əqli mülkiyyət üzrə məhkəmə təcrübəsinin misalları üzərində dayanaraq məhkəmə işlərinin uğurla, ədalətli həyata keçirilməsində bir neçə əqli mülkiyyət spesifikasından doğan konseptual vəzifələrin durduğunu vurğulayıb: “Qarşımızda duran vacib konseptual məsələlərdən biri – əqli mülkiyyət sahəsindəki münaqişələrdə hakimlərin xüsusi biliklərə malik olması, bu biliklərin hakimlərin müstəqilliyinin zəmanəti məsələsidir. Həqiqətən qanunvericilikdə hakim müstəqilliyi Konstitusiya prinsipi bir sıra zəmanət mexanizmləri, o cümlədən siyasi, sosial-iqtisadi və hüquqi zəmanətlər ilə səciyyələnir. Hüquqi zəmanətlər isə təşkilati-hüquqi və prosessual-hüquqi tədbirlərdən ibarətdir. Prosessual-hüquqi tədbirlər dedikdə, biz ilk növbədə və xüsusi olaraq, işdə olan sübutların hakim tərəfindən qiymətləndirilməsini nəzərdə tuturuq. Əslində hakimin sözügedən zəka fəaliyyəti prosessual normalar çərçivəsində sübutların müxtəlif xüsusiyyətlərinin müəyyən edilməsidir, o cümlədən nisbilik, mümkünlük, həqiqilik, tamlıq və qarşılıqlı əlaqələndirməsi və s. Prosessual qaydalar isə bu qiymətləndirilmənin prinsiplərini müəyyən edərək, hakim sərbəstliyini (bağımsızlığını) və müstəqilliyini nəzərdə tutur.