Qəbələ-nin Avropa Liqasındakı potensial rəqibi indidən narahatdır


İdman 14 İyn 2019 11:52:00 298 0

Qəbələ-nin Avropa Liqasındakı potensial rəqibi indidən narahatdır

Almaniyanın Eintracht komandası yeni mövsümün əvvəlində bəzi çətinliklərlə üzləşə biləcəyindən ehtiyatlanır.

Goal.az Bild nəşrinə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Avropa Liqasının II və III təsnifat mərhələsinin oyunları üçün uzaq məsafələr qət etmək məcburiyyətində qala bilər.

Son Avropa Liqasının yarımfinalçısı yeni mövsüm üçün təlim-məşq toplanışına iyulun 3-də start verəcək. Komanda daha sonra 782 km məsafə qət edərək İsveçrəyə hazırlıq prosesinə yollanacaq. Bundesliqa təmsilçisinin heyətində qvineyalı Simon Falette Afrika Millətlər Kubokunda, serbiyalı Deyan Yoveliç 21 yaşadək futbolçuların Avropa çempionatında iştirak edəcəyi üçün komandaya gec qoşulacaq.

Eintracht əsasən Avropa Liqasında qarşılaşacağı rəqiblərdən ehtiyatlanır. Komanda bu turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq.

Almaniyalıların II təsnifat mərhələsində Qazaxıstan Kayrat-ı ilə üz-üzə gəlmək ehtimalı var. Bu, reallaşsa, kollektiv 10 min 156 km-lik səfər reallaşdıracaq.

Azərbaycan təmsilçisi Qəbələ-nin də bu komanda ilə qarşılaşma ehtimalı var. Əyalət təmsilçisi üçüncü mərhələyə vəsiqə qazansa, frankfurtlular 6 min 352 km qət edərək Bakıya gələcək.

Klub rəsmisi Fredu Bobiç təsnifat mərhələsinin komanda üçün çox çətin dövr olacağını deyib. 

Qeyd edək ki, Eintracht Bundesliqada 2018/2019 mövsümünü 54 xalla 7-ci pillədə başa vurub.