Avstriyalı tanınmış bərpaçı memar Gülüstan qalasının 3D qrafik modelini hazırlayır FOTO


Digərləri 14 İyn 2019 09:07:00 235 0

Avstriyalı tanınmış bərpaçı memar Gülüstan qalasının 3D qrafik modelini hazırlayır  FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə avstriyalı tanınmış bərpaçı memar Erix Pummer Şamaxı rayonunda Şirvanşahların əzəmətli yadigarı Gülüstan qalasının "3D scanning" layihəsi üzrə proseslərə start verib.

Son.az Trend-ə istinadən bildirir ki, layihə əsasında qalanın 3D qrafik modelinin hazırlanması üçün xüsusi texniki və lazer qurğularla tarixi abidənin yerin altında və üzərində olan qalıqlarının kompleks çəkilişi edilir. Bu proses Gülüstan qalasının 3D qrafik modeli əsasında real maketinin hazırlanmasına və son nəticədə də qalanın bərpası istiqamətində görüləcək işlərin müəyyən olunmasına imkan yaradacaq.

Avstriyalı məşhur bərpaçı-mütəxəssis, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni bərpa etmiş Erix Pummerin iştirakı ilə bu günədək ölkəmizdə "Qız qalası"nda, "Şirvanşahlar sarayı"nda, İçərişəhərdəki tarixi "Bəylər" məscidində, "Məhəmməd" məscidində və digər abidələrdə bərpa və konservasiya işləri aparılıb.

Gülüstan qalasında 3 müxtəlif istiqamətdə araşdırma apardığını bildirən bərpaçı-mütəxəssis deyib: "Birinci istiqamətə lazer skanninq daxildir. Lazer qalada müxtəlif istiqamətlərdə hərəkət edərək skanninq işlərini görür. Bundan başqa, özümüz abidənin və onun daxilinin yüzlərlə fotosunu çəkmişik. Dronlarla da qalanın yuxarıdan fotoları çəkilir. Saatlarla dronlar abidənin üzərində uçur və fotolar çəkir. Daha sonra bu 3 fərqli araşdırmanın nəticəsi birlikdə tədqiq olunacaq və qalanın yenidənqurma modelini müəyyənləşdirəcəyik. Tədqiqatlarımızı Avstriyaya aparacağıq. Orada 2 aylıq araşdırmadan sonra yekun nəticəni təqdim edəcəyik".

Qeyd edək ki, əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Əlçatmaz yerdə tikilən qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.


Xəbərə aid fotolar