Aİİ-də “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 13 İyn 2019 18:43:00 207 0

Aİİ-də “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar keçirilib (FOTO)

“Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 13 iyun 2019-cu il tarixdə “Roma Sapienza” Universitetinin siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun təqdimatında “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar təşkil olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, görüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü bildirən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını vurğulayıb. “Roma Sapienza” Universitetinin siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda məruzə ilə çıxış edib, AİGA-nın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmsədr təşkilatın fəaliyyətinə toxunaraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizin təbliği, Qarabağ həqiqətlərinin yerli və dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır. E.Rüstəmov İtaliyada Azərbaycan diasporunun fəallığının artırılması istiqamətində görülən işlərdən, onun uğurlu fəaliyyətindən bəhs edib. Xaricdə təhsil alan gənclərimizin yaşadıqları ölkələrdə Azərbaycanı fəal təbliğ etmələrinin vacibliyini vurğulayıb.