Agentlik rəsmisi: Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun


Digərləri 13 İyn 2019 12:46:00 281 0

Agentlik rəsmisi: Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun

Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim edəcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim edəcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərin "Yanardağ" qoruğuna media turu zamanı deyib. Onun sözlərinə görə, artıq Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək: "Biz çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu, bizdə də belə olmalıdır və bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər.