ABŞ paytaxtında Azərbaycan Günü şənliyi (FOTO)


Digərləri 13 İyn 2019 06:15:00 195 0

ABŞ paytaxtında Azərbaycan Günü şənliyi (FOTO)

Vaşinqtonun tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib

Bakı. Vaşinqtonun tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib. Azərbaycanın ABŞ-kı səfirliyindən Trend-ə verilən məlumata görə, təxminən min nəfərin qatıldığı ziyafətdə ABŞ Prezidentinin administrasiyası, Dövlət Departamenti və Pentaqon rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri, habelə Vaşinqtondakı diplomatik korpusun, düşüncə mərkəzlərinin, ABŞ-ın müxtəlif ştatlarından səfər etmiş ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbirdə Türkiyə Cümhuriyyətinin Ədliyyə naziri Əbdülhamit Gül, habelə Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti iştirak edirdi. Tədbirin əvvəlində tanınmış müğənni Devid Difranko Azərbaycan və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa etdi. Tədbirin açılışında çıxış edən səfir Elin Süleymanov 2019-cu ildə müsəlman şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü olduğunu, qısa müddət yaşamasına baxmayaraq Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikrini səsləndirən Azərbaycan diplomatı bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdi. Səfir həmçinin Azərbaycan Diplomatik Xidmətinin 100-cü ildönümü ilə bağlı ölkəmizin bütün diplomatlarını təbrik etdi, ölkəmizin Prezidentinin rəhbərliyi altında diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğuladı. Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini önə çəkdi. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin, E.Süleymanov Respublika Günü münasibətilə ABŞ prezidenti D.Tramp və Dövlət katibi M.Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırlatdı. Daha sonra ziyafətdə əsas natiq qismində çıxış edən və hal-hazırda ABŞ paytaxtında işgüzar səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk respublika olduğunu, bu Respublikanın irsi əsasında hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyin vurğuladı və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycanın bu gün ki nailiyyətləri ilə fəxr edə biləcəyinə dair ölkə başçımızın fikrini səsləndirdi. Hazırda Azərbaycanın ABŞ-ın etibarlı və strateji tərəfdaşı olduğunu qeyd edən H.Haciyev ölkəmizin əsgərlərinin beynəlxalq sülhə töhfə verdiklərini və amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət apardıqlarını vurğuladı. H.Hacıyev Azərbaycanın Diplomatik Xidmətin 100 illiyi ilə bağlı da öz təbriklərini çatdırdı. ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper çıxış edərək ölkəmizi Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi ilə bağlı təbrik etdi. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyi həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirdi. L.Kuper ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək əzmini də ifadə etdi.