Oppermann: "Bölgədə vəziyyəti gərginləşdirəcək bəyanat və əməllər gərəksizdir"


Siyasət 12 İyn 2019 19:01:00 199 0

Oppermann: "Bölgədə vəziyyəti gərginləşdirəcək bəyanat və əməllər gərəksizdir"

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə səfəri çərçivəsində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüş zamanı T.Oppermann Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını qeyd edib.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırıb. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində T.Oppermann bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək, vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirib.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.