Naftalanda bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir (FOTO)


Digərləri 12 İyn 2019 16:18:00 192 0

Naftalanda bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir (FOTO)

Məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilir

Bakı. Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Son illər bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb. Trend-in məlumatına görə, “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir. Kurort şəhəri sayılan Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir. Birinci mərhələdə qurğunun 3 min kubmetr emal gücü olan hissəsi istismara veriləcək. Hazırda qurğuda tikinti işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaq. Tullantı sutəmizləyici qurğunun inşası bu ilin sonunadək başa çatdırılacaq.