Milli Qurtuluş: Azərbaycanın əbədi müstəqillik tarixi


Digərləri 12 İyn 2019 15:52:00 159 0

Milli Qurtuluş: Azərbaycanın əbədi müstəqillik tarixi

Ulu öndər Heydər Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə müstəqil Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu

Bakı. Ulu öndər Heydər Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə müstəqil Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu «Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir» Yazıya müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Anam məni Azərbaycan üçün dünyaya gətirmişdir» fikirləri ilə başlayıb bu dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə körpü salmaq istərdik. Bu fakt inkaredilməzdir ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Vətəninə, xalqına bağlılıq nümunəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin fikirlərinə istinad edək: «Tarixçilər və politoloqlar bəzən belə bir sual verirlər: niyə 1993-cü ildə hakimiyyətə məhz Heydər Əliyev qayıtdı? Axı o zaman ilk baxışda hər şey onun əleyhinə idi. O, hadisələrin episentrində, daha doğrusu, Bakıda deyil, öz doğma Naxçıvanında idi. Onun gələcək siyasi dayağı- Yeni Azərbaycan Partiyası hələlik ilk addımlarını atırdı. Partiya liderinin kütlə arasında böyük populyarlığına baxmayaraq, YAP Heydər Əliyevin paytaxta gəlişinə qədər özünü real siyasi qüvvə kimi göstərə bilmirdi. Məsələ burasındadır ki, Heydər Əliyevin heç kimlə müqayisə olunmayacaq dərəcədə böyük siyasi mübarizə təcrübəsi vardı.» Dövlətimizin başçısı, eyni zamanda, həmin dövrün xarakteristikasını da verir: «İki ildən də artıq bir müddət ərzində ölkəni konkret hakimiyyət deyil, xaos idarə etmişdi. Azərbaycanda sovet sistemindən demokratik sistemə asan keçid baş tutmamışdı. Adamlar hərc-mərclikdən, vəziyyətin qeyri-müəyyənliyindən cana doymuşdular. Təbii ki, cəmiyyətdə güclü, bacarıqlı liderə, «dəmir əl»ə ehtiyac yaranmışdı. Bu rol hamıdan çox Heydər Əliyevin boyuna biçilmişdi. O, Ə.Vəzirovdan, A.Mütəllibovdan və Ə.Elçibəydən özünün güclü və qətiyyətli xarakteri ilə, yüksək vətəndaşlıq məsuliyyəti hissi ilə, bütün ehtiyatları, öz iradəsinin qeyri- adi qüvvəsini bir yumruğa yığmaq bacarığı ilə seçilirdi.» XX əsrin sonu doğrudan da Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verən hadisələr ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Həm həmin dövrün çətinliklərini, vətəndaş qarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağın artmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə ölkənin lideri olmağın nə qədər böyük məsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyini təsəvvür etmək çətin deyildi. Məhz ulu öndər Heydər Əliyev bu çətinliyi öz üzərinə götürdü. Siyasi bacarığından və təcrübəsindən istifadə edərək, xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı üzləşdiyi faciələrdən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər Onun üzərindəki Vətən, xalq sevgisinin aydın ifadəsi idi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə sevgisinin, eyni zamanda, dahi şəxsiyyətin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqidir. AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti Azərbaycanı öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdur. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr kimi xarakterizə olunur. 1991-1993-cü ilin iyununa qədər Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövr də özlüyündə iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamış, nizami ordu yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, ağır fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. İqtisadi böhran hökm sürür, sənaye iflic vəziyyətində idi. O vaxtkı hakimiyyətdəkilər ancaq öz şəxsi maraqlarını təmin etmək üçün çalışırdılar. O dövrdə korrupsiya, rüşvətxorluq da son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyur, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər, onları təqib-təhqir edirdilər. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi, AXC-Müsavat qruplaşması öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşadı. Azərbaycanın cənubunda və şimalında separatizm tüğyan edirdi. Sanki tarix təkrar olunurdu. XX əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyi 23 aydan sonra obyektiv səbəblərdən itirdik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk iki ildə yaşananlar tarixin yenidən təkrarlanmasına yol açırdı. Əgər o vaxt ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Milli Qurtuluş Günü: dövlətçilik tariximizin şanlı səhifəsi İllər biri-birini əvəzlədikcə bu tarixi günün önəmi daha aydın dərk olunur. Müstəqilliyimizin ilk illərində biri-birindən mürəkkəb hadisələr burulğanında çabalayan və artıq sabaha inamı itmiş xalq vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri idi. Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan gəncləri o illərin çətinlikləri, həmçinin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yolu barədə aydın təsəvvürə, biliyə malik olmalıdırlar. Dövlətimizin başçısı çıxışlarında «Mən bu tarixə nəyə görə qayıdıram» sualı ətrafında fikirlərini belə açıqlayır ki, gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çatmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik. 15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Tez-tez səsləndirilən bu «Qurtuluş bizə nə verdi» sualına cavab Azərbaycanın bugünkü reallıqlarıdır. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bu günümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı. Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlara sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərin hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki, yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Göründüyü kimi, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə özünün şah əsəri kimi dəyərləndirilən Azərbaycanı yüksəklərə qaldırdı, dünya birliyinin fəal üzvünə çevirdi. Demokratik dəyərlərə sadiqlik dövlət siyasətinin prioriteti kimi Dahi şəxsiyyət Heydər Əliyev demokratiyanı strateji kursun əsası kimi dəyərləndirərək bildirirdi ki, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqlara malik olması, siyasi plüralizm, mətbuat azadlığı, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yoluna işıq saldı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamızda bu maddə də öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Məhz xalqına güvənən, onun dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu günümüzün hədəflərinə yol açdı. Demokratik cəmiyyətin əsas atributu kimi azad mətbuatın inkişafı dövlət siyasətinin əsasında dayandı. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Jurnalist əməyini yüksək dəyərləndirən Ümummilli Lider mütəmadi olaraq onlarla görüşlər keçirir, qayğıları ilə maraqlanır, problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkirdi. Məhz bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Ümummilli Liderin siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti istiqamətində atdığı addımlar da diqqətçəkəndir. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Ölkəmizdə seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün imkanlar yaradıldı. 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində Seçki Məcəlləsinin qəbulu prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin etdi. Demokratik inkişafa yönələn bu addımların ümumi ifadəsi Azərbaycanın 2001-ci ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ölkəmiz bu uğuru ilə bir daha demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız ulu öndər Heydər Əliyevə olduğunu, Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın ulu öndər Heydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP davamlı uğurları ilə ulu öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə söylədiyi, bu gününə böyük inamını ortaya qoyduğu «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikrini təsdiqləyir, bu yenilməz siyasi qüvvə gələcəyə daha böyük inamla addımlayır.