ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi


Digərləri 12 İyn 2019 15:23:00 158 0

ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

Bakı. İlhamə İsabalayeva - Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub. Trend-in məlumatına görə, bunu ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir: "Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazilrliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır". A.Qaraşov bildirib ki, meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılmalıdır. 2019-cu ildə meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kub metr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb. İlk növbədə oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir.