“Azərxalça”nın Naxçıvan filialında qısa müddətdə 150 kvadratmetrdən çox xalça toxunub (FOTO)


Digərləri 12 İyn 2019 14:53:00 222 0

“Azərxalça”nın Naxçıvan filialında qısa müddətdə 150 kvadratmetrdən çox xalça toxunub (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin son illər yaradılan 20 filialından biri də Naxçıvan şəhərində fəaliyyət göstərir.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin son illər yaradılan 20 filialından biri də Naxçıvan şəhərində fəaliyyət göstərir. “Azərxalça” ASC-dən Trend-ə verilən məlumata görə, ötən ilin sonlarında fəaliyyətə başlayan filialda qısa müddət ərzində 150 kvadratmetrdən çox xalça toxunub. Prezident İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən inşa olunan filial binasında toxucular üçün müasir iş şəraiti yaradılıb. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 60 nəfərdən çox toxucu işə qəbul olunub. Emalatxanada işə götürülən toxucular “Azərxalça” ASC-nin təşkil etdiyi tədris-hazırlıq kurslarında iştirak edərək sertifikat alıblar. Filialın toxucuları əsasən Naxçıvan şəhərinin sakinləridir. Bununla yanaşı, xalça istehsalı emalatxanasında Babək rayonunun Qahab, Şıxmahmud, Şəkərabad, Vayxır, Şahbuz rayonunun Sələsüz kəndlərindən olan toxucular da çalışırlar. Filialın kollektivinin işə rahat gəliş-gedişinin təmin olunması məqsədilə nəqliyyat vasitəsi ayrılıb. Burada Naxçıvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Filialda usta xalçaçı vəzifəsində çalışan Fəridə Qurbanova Naxçıvana Bakı şəhərindən göndərilib. O, “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda toxuculara bu sənətin sirlərini öyrətdikdən sonra Naxçıvan filialında usta xalçaçı kimi fəaliyyətə başlayıb. Fəridə Qurbanova deyir ki, Naxçıvan Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Odur ki, kursa cəlb olunan toxucuların əksəriyyəti xalça toxumağı bacarırdı. Onların bu sənətin sirlərinə daha dərindən yiyələnməsi üçün əlimizdən gələni əsirgəmədik. Kursda iştirak edən gənclərə isə xalça toxumağı öyrətdik. İndi filialımızda çalışan peşəkar toxucular gözəl xalçalar ərsəyə gətirirlər. İndiyədək toxucularımızın əl əməyinin, göz nurunun nəticəsi olan 23 xalça kəsilib. Babək rayonunun Qahab kəndindən olan toxucu Raziyə Adı­gözəlova deyir ki, hələ uşaqkən nənəsinin, anasının xalça toxuması onda bu sənətə maraq oyadıb. Onlardan çox şey öyrənib. 2013-cü ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən xalçaçılıq kursunda iştirak edib, ötən il isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi kursda bu sənətin sirlərinə yiyələnib. Raziyə Adıgözəlova Naxçıvanda xalça istehsalı emalatxanası yaradaraq onları iş yeri ilə təmin edən dövlətimizə minnətdarlığını bildirir.