Gözdən əlillər üçün binanın tikintisi gələn il ərzində yekunlaşdırılaraq istifadəyə veriləcək


Digərləri 12 İyn 2019 14:19:27 144 0

Gözdən əlillər üçün binanın tikintisi gələn il ərzində yekunlaşdırılaraq istifadəyə veriləcək

Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Bakı. Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sərəncam Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutur. Cari ildə müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq. Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.