Avropada hər il 23 milyon insan...


Digərləri 12 İyn 2019 07:21:00 222 0

Avropada hər il 23 milyon insan...

Avropa İttifaqı idxal olunan məhsullara görə dünyanın ən ciddi nəzarət altında olan regionlarından biri olmasına baxmayaraq, burada qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər mövcuddur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müxtəlif xəstəlik törədiciləri ilə çirklənmiş qida məhsullarının istehlakı yolu ilə Aİ ölkələrində hər il 23 milyon insan xəstələnir. Bu xəstələnənlərin 4700 nəfəri isə həyatda qalmaq uğrunda mübarizədən qalib çıxa bilmir və dünyasını dəyişir. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı (DST) yayıb.

DST-nin hesabatında bildirilir ki, qloballaşan dünyamızda qidalanmaq artıq qlobal bir məsələyə çevrilib və insanlar gündəlik ərzaq tələbatını ödəyərkən planetin müxtəlif bölgələrindən gətirilmiş məhsullardan istifadə edir. Bu isə öz növbəsində qida təhlükəsizliyini gücləndirmək və bu sahədə beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi tələb edir.

Avropada xəstəlik törədiciləri arasında ilk yerdə mədə-bağırsaq epidemiyalarının törədicisi olan Norovirus dayanır. 2017-ci ildə 15 milyon insan bu virusa yoluxub. Salmonella patogenlərinə qarşı son illərdə uğurlu mübarizə aparılsa da, mədə-bağırsaq traktının pozulmasına səbəb olan və əsasən də ət məhsullarının qeyri-gigiyenik hazırlanması nəticəsində yayılan bu bakteriya beş milyon insanın xəstələnməsinə yol açıb.