Məktəb problemlərinin kökü Qışqıraraq uşaq


Digərləri 11 İyn 2019 22:33:00 234 0

Məktəb problemlərinin kökü  Qışqıraraq uşaq

Sputnik. Son zamanlar məktəblərdə müəllimlərin şagirdlərə qarşı davranışları ilə bağlı hadisələr tez-tez kütləvi informasiya vasitələrində yer alır. Bu hadisələr təbii ki, Təhsil Nazirliyinin də nəzərindən yayınmır.

Belə ki, bu günlərdə Təhsil Nazirinin müavini Firudin Qurbanov bildirib ki, cəmiyyəti narahat edən müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və nazirlik buna həssaslıqla yanaşır. Bəs psixoloji problemi olan müəllimlər təhsil müəssisələrində necə çalışa bilir?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda 4472 orta məktəbdə çalışan 151 min müəllimin əksəriyyətində şagirdlərə yanaşmada fərq hiss olunur. Bu, əsasən dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə davranışda özünü göstərir: "Çünki müəllimlər hazırlığa qalmayan uşağa qarşı normal davranış sərgiləmirlər. Bu halda şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağı hiss edir. Bu, birbaşa onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır".

K. Əsədov qeyd edir ki, bir çox hallarda isə müsabiqə və müsahibə yolu ilə işə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər. Onlar işə qəbul prosesində ancaq ixtisasları üzrə hazırlışdıqlarından şagird psixologiyasından az məlumatlı olurlar. Bu həm də müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsində olanların peşəkarlığının aşağı olması ilə də bağlıdır.

"Belə ki, onlar arasında məktəbşunaslığı bilənlərin yetərincə olmaması, müsahibədə psixoloqun təmsil olunmaması, işə qəbul prosesində iddiaçının psixoloji durumunu yoxlayan sualların olmaması işə qəbul olunan müdavimlərin bu bacarığının formalaşmasına maneə olur. Vacib bir məqamı da qeyd edim ki, bütün uşaqları bərabər səviyyədə görüb, onlardan eyni şeyi tələb etmək müəllimlərin əsas yanlışıdır. Məhz belə olan halda təhsil verən ilə təhsil alan arasında aqressiv münasibət formalaşır" - deyə ekspert vurğulayıb.

Əsədov hesab edir ki, hər uşaq eyni potensiala sahib deyil. Bəzən şagirdlərə qarşı artıq tələblər olur. Bu, birbaşa aşağı potensiallı şagirdlərin özgüvəninə təsir edir: "Evdə basqı ilə üzləşsə də, bu, məktəbdə özünü daha çox göstərir. Özəl və dövlət məktəbləri arasındakı əsas fərq də elə budur. Özəl təhsil müəssisələrində hər uşağa fərdi diqqət yetirilir. Buna məktəb psixoloqu nəzarət edir. Bu, şagirdin az olması və xarici təhsil sisteminin tətbiq edilməsi ilə əlaqədar ola bilər. Bir çox hallarda müəllimlərin bilik və bacarıqlarının yetərli qədər olmaması da onların dərs prosesində kobud, aqressiv olmasına səbəb olur".