Avstriya səfiri Beynəlxalq Muğam Mərkəzində olub


Digərləri 11 İyn 2019 22:30:00 185 0

Avstriya səfiri Beynəlxalq Muğam Mərkəzində olub

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyəti ilə bərabər bir sıra irimiqyaslı beynəlxalq layihələr də həyata keçirir.

Bakı. Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyəti ilə bərabər bir sıra irimiqyaslı beynəlxalq layihələr də həyata keçirir. Trend-in məlumatına görə, “Etnomusiqi inciləri” layihəsi bu sıradandır. Layihəni Beynəlxalq Muğam Mərkəzi ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birgə reallaşdırır. 16 mart tarixində Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirdiyi "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda beynəlxalq dəyirmi masada avstriyalı professor, musiqi alətləri üzrə mütəxəssis Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında "Əsrlərin sədası" ansamblı ilə birgə “Etnomusiqi inciləri” layihəsi çərçivəsində konsert vermişdi. BMM-in fəaliyyəti və layihələri Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayer tərəfindən yüksək dəyərləndirilib və səfir Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. Beynəlxalq Muğam Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerllə görüşüb. Görüş zamanı səfirliklə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Muğam Mərkəzlə Avstriyanın musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusunda məsələlər müzakirə edilib. Əməkdaşlıq çərçivəsində Avstriyada Azərbaycan, Azərbaycanda isə Avstriya etnomusiqisini təbliğ edən sərgi, elmi-tədqiqat və konsert layihələrin keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Qeyd edək ki, “Etnomusiqi inciləri” çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.