Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?


Dünya 11 İyn 2019 21:11:00 261 0

Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?

Gürcüstanın Marneuli rayonunun Candar kəndində müqəddəs sayılan bir ağac var.

Etnik azərbaycanlılar bu çinar ağacını ziyarət etmək və Novruzun ilk günündə arzu tutmaq üçün regionun hər yerindən bu kəndə gəlirlər. Ziyarətçilər dilək tutaraq ağacın budaqlarına qırmızı lentlər bağlayır, milli musiqi sədaları altında rəqs edir, bir-birlərinə xoşbəxtlik arzulayırlar.

Ənənəyə görə, əsasən çinar, dəmirağac, palıd, söyüd, alma, alça, tut, zoğal kimi ağaclar ziyarətgah sayılır. Əkildikləri yerlər "Pir" və "Ocaq" kimi çağırılır.

Əsrlər boyu - bu ənənə hətta İslam öncəsi tarixə gedib çıxır - azərbaycanlılar bu ağacların gücünə inanır və onları qoruyur.

Deyirlər ki, ağaca balta vurulanda ondan qan çıxır və onu kəsənlər lənətlənir. Hətta indi dua ağacı və digər nadir növ ağaclar qorunub saxlanılır, çünki onların müqəddəsliyinə inam nəsildən-nəslə ötürülür.

76 yaşlı Səmayə Abdullayeva Candar kəndində bu ağacın yanında yaşayır. O, bütün ömrü boyu insanların ağaca olan inamını müşahidə etdiyini deyir.

"Mən gözümü açandan bu ağaca inam olduğunu görmüşəm. Heç kim burada inamın necə başlaması haqqında dəqiq bilmir. Amma hər kəs inanır ki, insanlar üçün xeyirlidir. Rəvayətə görə, keçmişdə bir hərbçi ağacı kəsib aparmaq istəyib. Lakin o, yolda ölüb. Bu tip rəvayətlərə görə deyirlər ki, o ağac müqəddəsdir, kəsmək olmaz. İndiki dövrdə ağaclar qurusa belə, ona əl dəymirik, işlətmirik. Gözləyirik ki, tam çürüsün və torpağa qarışsın".

Arxeoloq və etnoqraf Kərəm Məmmədovun fikrincə, bu inanc əsrlər boyu ağacları qoruyub.

"Qədim inanclarda xüsusən də meşədən kənarda tək bitən, uzunömürlü ağacların məhvi yolverilməz idi. Meşənin müəyyən kiçik hissəsindəki ağacları kəsmək olardı, amma düzənliyin ortasında tək qalmış ağaca toxunmaq qadağan idi.

İndiki dövrdə də ağac ziyarətgahların çoxu tək ağaclar sayılır.

İslamın gəlişindən sonra isə bu inancları qorumaq üçün islamlaşdırdılar. İslamın bəzi adətləri də bu inanclara əlavə olundu və bu həmin ziyarətgahları məhv olmaqdan qorudu.

Ərəb xəlifəsi Əbu Bəkr yürüşlər zamanı ordusuna tapşırmışdı ki, işğal olunan yerlərdə islama zidd olmayan, yerli sakinlərin inandığı məbəd, ağac kimi inanc yerlərinə toxunmasınlar" - deyə o bildirir.

İslamın bu coğrafiyada yayılmasına və daha sonra Sovet hökumətinin ateist siyasətinə baxmayaraq, bu ənənə hələ də öz gücünü qoruyur.

Ağaclarla bağlı bəzi qədim inanclar islamla ziddiyyət təşkil etsə də, Candarın yerli əhalisi onu şiə inancının bir hissəsi kimi qəbul edir.

Məsələn, ağacın altına qoyulan Novruz şirniyyatlarına əlavə olaraq, İmam Əli və İmam Hüseyn kimi müqəddəs İslam fiqurlarının şəkillərini də görmək mümkündür.

Bəziləri buranı "Allahın müqəddəs məkanı" adlanır, başqaları isə İslamın müqəddəs 12 imamından ağacın altında etdikləri duaların həyata keçməsini diləyir. "Ya Əli, Ya Hüseyn, ya 12 imam, sən arzumu çin elə" dualarını 23 Martda Candarda ağacın ətrafında toplaşan insanlardan eşitmək olar.

Gürcüstanda etnik azərbaycanlılarla yanaşı Azərbaycanda və Rusiyada yaşayan azərbaycanlılar da Novruzun ilk günündə Candar kəndinə yola düşür və çinar ağacını ziyarət etməyə gəlirlər. Onlar ağacın budaqlarına qırmızı lentlər bağlayır və bir-birinə xoşbəxtlik arzulayırlar.