"İnsanlara inamım qalmayıb, onlardan uzaq dururam"


Digərləri 11 İyn 2019 21:09:00 191 0

"İnsanlara inamım qalmayıb, onlardan uzaq dururam"

İngiltərənin Birmingham Universiteti tərəfindən aparılan araşdırma ailədaxili zorakılığa məruz qalan qadınlarda ciddi psixoloji xəstəliklərin yaranması riskinin 3 dəfə çox olduğunu ortaya çıxarıb.

Nəticələri "British Journal of Psychiatry" jurnalında dərc edilən bu araşdırma İngiltərədə ailədaxili şiddətlə üzləşən və bunu həkimlərə danışan 18 min 547 qadın arasında aparılıb.

Bu qadınlar illər boyu müşahidə edilib və onlar ailədaxili zorakılığa məruz qalmayan eyni yaşlı 74 min qadınla müqayisə olunublar.

Birmingham Universitetinin araşdırmaçılar qrupunun rəhbəri Dr. Joht Singh Chandan deyir ki, "Ailədaxili şiddət geniş yayıldığı üçün bunun ruhi sağlamlıqla əlaqəli olduğunu anlamağımız və belə qadınların həyatlarını yaxşılaşdırmağa çalışmaq çox vacibdir".

1995-2017-ci illərdə aparılmış araşdırma ailədə zorakılığa məruz qalan və bununla bağlı həkimə müraciət edən qadınların yarısının ruhi problemləri olduğunu üzə çıxarıb.

Məlum olub ki, belə hallara məruz qalan qadınlarda təşviş pozuntusu riski iki dəfə; depressiya, şizofreniya və bipolyar pozuntu riski isə 3 dəfə artır.

"Dostlarımın çoxunu itirdim"

İngiltərənin qadınlara dəstək təşkilatı "Agenda"-dan yardım alan bir qadın BBC-yə verdiyi açıqlamada bildirib ki, ailədaxili zorakılıq ucbatından şəxsiyyətində dəyişiklik baş verib:

"Yata bilmirəm. Ya çox yeyirəm, ya da çox az. İnsanlara inamım qalmayıb, onlardan uzaq dururam. Buna görə dostlarımın çoxunu itirdim".

Həmin qadın xəstəxanaya gedəndə tibb işçilərinin ona inanmadığını da deyib:

"Polis ictimai səhiyyə işçilərinə şiddət faktları haqqında məlumat verməlidir".