Uşaq hüquqları üzrə pilləli tədris proqramı yekunlaşıb


Digərləri 11 İyn 2019 20:49:00 227 0

Uşaq hüquqları üzrə pilləli tədris proqramı yekunlaşıb

Orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir.

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub. Uşaqların həm də trener kimi iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib. Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilib. 2018-2019-cu tədris ilində Bakı şəhərinin hər bir rayonu və Ağstafa, Qazax, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Xızı və Siyəzən rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub. Qeyd olunmalıdır ki, Pilləli Tədris Proqramı ilk dəfə olaraq Pirallahı rayonu Çilov adasında 131 saylı məktəbdə də həyata keçirilib.