Hərracda rəqabət: “Xronika” kinoteatrının start qiyməti 2 dəfə artdı (FOTO)


Digərləri 11 İyn 2019 18:17:38 226 0

Hərracda rəqabət: “Xronika” kinoteatrının start qiyməti 2 dəfə artdı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Özəlləşmə prosesinin sadalanan müsbət cəhətlər alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib. İnvestor həmin obyektə kapital yatırmaqla xidmət sahəsində yaxşı gəlir əldə edə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 143 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Analoji hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, "VAZ-21041" markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq edilən təklif 3200 manata kimi yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər "VAZ-21041" markalı olan maşın 2100 manat olsa da 3500 manata sahibini tapıb. Budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.