Kişi sonsuzluğu problemi: onunla necə mübarizə aparmalı?


Digərləri 11 İyn 2019 16:53:00 276 0

Kişi sonsuzluğu problemi: onunla necə mübarizə aparmalı?

Son.az Uroloq-Androloq, tanınmış cərrah, Tibb Elmləri üzrə Fəlsəfə Doktoru Cavid Baloğlanovun bu gün dünyada və həmçinin ölkəmizdə geniş yayılmış kişi sonsuzluğu problemi haqqında yazısını təqdim edir.

Kişi cinsiyyət hüceyrəsinin adı spermatozoiddir. Onun ölçüsü 50 mikrometr təşkil edir (bu göstəricinin nə qədər kiçik olduğunu anlamaq üçün, təsəvvür edin ki 1 mikrometr 1 millimetrdən min dəfə az olan ölçüdür)  və o qadın hüceyrəsi ilə birləşmək üçün özündən 20 min çox ölçüdə məsafəni qət etməlidir. O hallarda ki spermatozoidlər bu cür "qəhrəmanlıq" edə bilmirlər həkimlər kişi sonsuzluğu diaqnozunu qoyurlar. 

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə nəsilartırma yaşında olan bütün cütlüklərin 15% uşaq sahibi ola bilmirlər. Digər məlumatlara görə  dünya üzrə bütün ailələrin 10% təbii yolla ata, ana ola bilmirlər və əksər haılarda süni mayalanma üsulu ilə valideyn olurlar.

Artıq elmi cəhətdən sübut olunub ki ailə cütlüklərində əksər hallarda (təxminən 85%) ailə həyatını ilk ilində hamiləlik baş verir. Cəmi 7% hallarda qadın ailə həyatının ikinci ilində hamilə olur. Ona görə evlilikdən sonra 12 ay ərzində ailə cütlüyündə uşağın olmaması problemi sonsuzluq adlandırılır.

Və burada bir şeyi qeyd etmək lazımdır ki xüsusən bizim cəmiyyətdə əksər hallarda hamı  dərhal qadının üstünə düşür və birinci növbədə məhz qadını həkimə göstərirlər, halbuki sonsuzluğun səbəblərində həm kişi, həm də qadınlara aid olan problemlər eyni faiz təşkil edirlər. Daha dəqiq desək 30%. 25% hallarda isə ümumiyyətlə səbəb bilinmir və buna idiopatik, yəni dəqiqləşdirilməmiş sonsuzluq deyirlər.

Kişi sonsuzluğunun səbəbləri arasında xüsusən bir neçəsini qeyd etmək istərdim:

Cinsi yolla keçən infeksiyalar: Bu infeksiyalar cinsiyyət orqanlarında iltihab yaradır, toxumçıxarıcı yolları daraldır, toxum eyakulyatının parametrlərini dəyişir və bununla spermatozoidlərin yaşama qabiliyyətinə təsir edirlər. Bəzi infeksiyalar isə bir başa spermatozoidləri öldürürlər. Buna görə mən bütün cavanaları qoruyucu vasitələrdən istifadə etməyə və evlənməkdən qabağ mütləq cinsi yolla keçən infeksiyaları  yoxlanmağa çağırıram. Ümumiyyətlə cinsi həyat yaşayan hər bir kişi şikayətləri olmasa belə ildə 1 dəfə cinsi çekapdan keçməlidir.

Endokrin (hormonal) pozğunluqlar, xüsusilə də testosteron hormonunun səviyyəsinin azalması. Testosteron-kişilərdə əsas cinsi hormondur. O bir başa kişilərdə əks cinsə tərəf marağın yaranamsına, xayalarda spermatozoidlərin yetişməsinə, əzələ-sümük sisteminin inkişafına cavabdehdir.  Cinsiyyət orqanlarının (xayaların) inkişafının ləngiməsi zamanı testosteron hormonunun səviyyəsi enir. Bu patoloji vəziyyət hipoqonadizm adlanır. O anadangəlmə və ya keçirilmiş, müəyyən xəstəliklər və patoloji təsirlər nəticəsində yarana bilər.

Bundan əlavə son zamanlar kulturizmlə məşğul olan cavanlar arasında əzələləri inkişaf etdirmək məqsədi ilə anabolik steroidlərin və testosteronun özbaşına, müayinədən keçməmiş istifadəsi halları çox artıb. Və bu cür dərmanların külli miqdarda istifadəsi zamanı xaya toxumalarının ölməsi baş verir və bu da sonsuzluğa gətirib çıxarır.

Geniş yayılmış hormonal səbəblər arasında piylənməni də qeyd etmək istərdim. Ümumiyyətlə piy -endokrin orqandır. O aktiv şəkildə qadın hormoları- estrogenləri ifraz edir və testosteron səviyyəsini azaldır. Buna görə uşaqlıqdan oğlan uşaqlarının çəkisinə, qidalanmasına diqqət yetirmək lazımdır. 

Müəyyən yaşdan sonra piylənməyə gətirib çıxara bilən digər problemləri  də yoxlamaq lazımdır (qalxanabənzər vəzin, mədəaltı vəzin, qara ciyər, bağırsaq və digər orqanların xəstəlikəri).

Varikosele : Xayanın (toxum ciyəsinin) venoz damarlarının genişlənməsi xəstəliyidir. Kişilərdə sonsuzluq səbəbləri arasında ən çox rast gələn və 35% təşkil edən patologiyadır. Əksər hallarda özünü yalnız spermoqram göstəricilərinin enməsi ilə biruzə verir. Ömrün uzunluğuna təsir etməsə də, həyat keyfiyyətinə zərər vura bilən,sonsuzluğa gətirib çıxaran bir xəstəlikdir. Bu xəstəliyin qazanılmasının əsas risk faktoru qarın daxili təzyiqin yüksək olmasıdır. Ona görə risk qrupuna ağır yük qaldıran ( idmançılar, yükdaşıma xidmətinin işçıləri, inşaatçılar və s.), ayaqüstə çox vaxt keçirən ( hərbçilər, satıcılar, müxtəlif servis xidmətləri nümayəndələri ) və ya, əksinə, oturaq həyat tərzi yaşayan( bank və ofis işçiləri, sürücülər ), qəbizlikdən əziyyət çəkən insanlar aiddir.

Kriptorxizm- oğlan uşaqlarında xayaların xayalığa enməməsidir. Çox insanlarda sual yaranır ki xaya xayalıqa enməyəndə nə olur? Və niyə həkimlər dərman müalicəsi kömək etməyəndə, buna görə heç 2 yaşı tamam olmamış uşaqlara cərrahi əməliyyat  təklif edirlər? Gözləsək nə olar? və s. Cavab budur: xayalarda spermatogenez( sperma əmələgəlməsi ) prosesi baş verir və bunun üçün müəyyən hərarət tələb olunur. Qarın boşluğunda isə hərarət xayalığın hərarətindən yüksəkdir. Bu səbəbdən uşaqlarda xayalar vaxtında yerlərinə enməyəndə inkişafdan qalır və gələcəkdə bu onların reproduktiv funksiyasına mənfi təsir göstərir,sonsuzluq, onkologiya və hormonal pozğunluğa gətirib çıxarır. Ona görə kriptorxizm zamanı xayaların xayalığa vaxtında endirilməsi vacibdir.

Toxumçıxarıcı yolların bağlanması, tıxanması. Həm anadangəlmə anomaliya ola bilər, əksər hallarda isə keçirilmiş iltihab, infeksiya və ya  zədələnmə nəticəsində yarana bilər. 


Xəbərə aid fotolar