İlahiyyat İnstitutunun rektoru tələbələr və onların valideynlərinə müraciət edib


Digərləri 11 İyn 2019 15:05:42 219 0

İlahiyyat İnstitutunun rektoru tələbələr və onların valideynlərinə müraciət edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb. İnstitut rəhbəri valideyn, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrini təşkil olunacaq “Açıq qapı” günlərində iştirak etməyə, imtahan sessiyasını yaxından izləməyə dəvət edib. Bildirib ki, hər bir rəy və təklif bizim üçün çox dəyərlidir. Müraciətdə deyilir ki, Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunacaq. Müraciətdə, həmçinin bildirilir ki, 2018-2019-cu tədris ili yaz semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində İmtahan Qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ araşdırılması üçün lazımi tədbirlər görülüb. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələri və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Müraciətdə sessiya başlamazdan əvvəl imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyi qeyd olunub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təkliflər qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi də imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.